• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 06.04.2024 18:46

Sürü halında gəzən sahibsiz itlər qorxu yaradır!

KepezTV Player

Gəncədə sahibsiz küçə heyvanlarının artması ciddi təhlükəyə çevrilib. Demək olar ki, hər küçədə, hər addım başı artıq sürü ilə gəzən itlərə rast gəlinir. Bu isə insanların həyatı üçün real təhlükə yaratmaqla, buna qarşı görülən tədbirlərin kəsərinin artırılmasını vacib edir. 

Quduzluq və digər yoluxucu xəstəliklərin daşıyıcısı olan küçə itləri indi küçələrin əsl sahibinə çevrilib. Gəncənin mərkəzi küçələri də daxil olmaqla, sahibsiz itlərin artan sayını görə bilərik. Qorxu yaradaraq insanlar üçün təhlükə saçan sahibsiz itlərin kiməsə hücum etməyəcəyindən sığorta yoxdur. 

Şəhər sakini: “Gəncə şəhərində bu, çox böyük bir problemdir. Hər səhər gələndə İcra Hakimiyyətinin qarşısında itlər çox olur. Bizim yaşayış yerlərimizdə, binamızın qabağında, Sevinc qəsəbəsində deyərdim ki, həddindən artıq çoxlu sahibsiz itlər var”.

Şəhər sakini: “Uşaqların təhlükəsizliyinə görə son vaxtlar eşidirəm ki, uşaqlara sahibsiz itlərin hücumu çoxalıbdır. Bunlara bir əncam qılsalar gözəl olar”.

Şəhər sakini: “Sahibsiz itlər bəli, çoxdur, hədsiz dərəcədə. Təhlükə əlbəttə ki, var. Çünki tuta bilər və quduzlaşma gedə bilər”.

Məsələnin ciddiliyi xəstəxanalara edilən müraciətlərin sayının çoxluğunda da görünür. Belə ki, son aylarda it dişləməsi ilə bağlı edilən müraciətlər ötən ilə nisbətən təxminən 10% çoxdur.

Aygün Məmmədzadə- həkim: “Bəzən əhəmiyyətsiz saydığımız it dişləmələrinin sayı çox artıb. Rəsmi statistikaya görə respublika ərazisində ötən il 17 min heyvan dişləməsi olub, onlardan əksəriyyətini təşkil edən məhz it dişləməsi olub. Təcili yardım briqadası xəstəni xəstəxanaya çatdırdıqdan sonra isə yaralıya ilkin müdaxilə olur və it əgər quduzdursa, mütləq quduzluq əleyhinə vaksin vurulmalıdır”.

Gəncədə var-gəl edən itlərin bəzilərinin qulaqlarında birkalıları da görünür. Bu da xüsusi sığınacaqda bəsləndikdən sonra yenidən adi həyata buraxılan heyvanlarda müşahidə edilir. Onların sayı isə elə də çox deyil. Sahibsiz heyvanlar üçün bu kimi məkanlar itləri qısırlaşdırmaq üçün də mühüm hesab edilir. 

Yaqub Abbasov- sığınacağın rəhbəri: “Gəncə şəhərində olan sahibsiz itləri bura gətiririk. Daha sonra itlər qısırlaşdırılır. Quduzluğa qarşı, başqa xəstəliklərə qarşı peyvəndlər vurulur. Qurd dərmanı verilir, dərialtı xəstəlikləri - el arasında qotur deyirik, bunları müalicə edirik. İtlər burada tam sağaldıqdan sonra onlara əməliyyat zamanı birka vurulur. Harda qulağında birka gördünüzsə, birkalı itlərdən qorxmasınlar, o itlərin hər bir xəstəliyə görə peyvəndləri vurulur, qısırlaşdırılıb, aqressiya ölüb. Yəni bu itlərdə aqressiya yoxdur”.

İtlərin sayı çox, sığınacağın ərazisi isə balaca olduğundan şəhər üzrə bütün sahibsiz heyvanların tez bir zamanda təhlükəsizləşdirilməsi real görünmür. Amma mümkün görünür, müəyyən zaman kəsiyində. Digər bir məqam isə küçə itləri ilə mehriban davranmaq və aqressiya yaratmamaqdır. Belə olan halda təhlükədən uzaq olmaq şansı artar. 

Pərvin Abbaszadə