• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1204
— 06.04.2024 18:42

Fitrə zəkatı hansı məbləğdə və kimlərə verilməlidir?

KepezTV Player

Artıq son günlərini yaşadığımız Ramazan ayı fitrə zəkatı kimi vacib əməllə başa çatır. Bəs fitrə zəkatı hansı məbləğdə və kimlərə verilməlidir?

Bir ay boyunca nəfsini sınağa çəkənlər müqəddəs ay bitmədən Ramazanın son vacib əməlini də yerinə yetirirlər. Orucun mühüm əməllərindən biri fitrə zəkatının verilməsidir. Fitrə, canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb, ehtiyacı olan ailələrə verməsi vacibdir. Məqsəd paylaşmaq, digər insanların da bayramı qeyd edə bilməsinə şərait yaratmaqdır.

Məharət Bayramov- sakin: “Bir neçə gündən sonra orucluq bayramıdır. Fitrə bütün insanlar üçün yaxşıdır. Mənim özüm də bir ağsaqqal kimi Ramazan bayramında fitrə çıxarıram və bir kasıb, imkansız adama kömək edirəm”.

Rafiq Nağıyev- sakin: “Allahın qoyduğu bir qanundur. İmkanı olan bütün müsəlmanlar, oruc tutanlar, oruc tutmayanlara da məsləhət görülür. Bu, böyük bir savab işdir”.

Əvvəllər fitrə zəkatı ərzaqla çıxarılırdı. Hər adam başına buğda, arpa, düyü və xurmadan ehtiyacı olan insanlara çatdırılırdı. Ancaq günümüzdə fitrə həmin ərzaq məhsullarının qiyməti hesablanaraq pul şəkilində çıxarılır.

İsgəndər Məmmədov- Gəncə şəhər Şah Abbas Cümə Məscidinin İmamı: “Yeyilən buğdanın kiloqramı 2 manatdır. Bir adama 3 kiloqram miqdarında ölçülür və bu da 6 manat edir. 6-105 manat arası hesablanır. Çünki adı qeyd edilmiş ərzaq məhsulları içərisində ən bahalı xurmanın qiyməti 35 manatdır. Bunun da 3 kiloqramı 105 manat edir”.

Fitrə zəkatı bayram namazından bir gün əvvəl axşam kənara qoyulmalıdır. Bayram namazından sonra isə həmin məbləğ ehtiyacı olan insanlara verilməlidir. Ramazan bayramının namazı aprelin 10-da qılınacaq. Bayram aprelin 10-11-də olacaq.

Elnur Vahidoğlu