• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 912
— 04.04.2024 19:57

Üzərinə həbs qoyulan əmlakların satışı necə aparılacaq?

KepezTV Player

Parlamentin martın 29-da keçirilən plenar iclasında Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib. Təklif edilən dəyişikliklər cinayət təqibi gedişində mülki iddianın və xüsusi müsadirənin təmin edilməsi üçün görülən tədbirlərin səmərəliliyini artırmaq, habelə üzərinə həbs qoyulmuş əmlakın dəyərini itirməsinin qarşısını almaq məqsədilə həmin əmlakın idarə edilməsini nəzərdə tutur.

Yeniliyə əsasən artıq sahibinin icazəsi olmadan üzərinə həbs qoyulmuş əmlakın satışı mümkün olmayacaq. Bu, Milli Məclisdə müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişiklikdə öz əksini tapıb. Millət vəkili Vüqar Bayramov bildirib ki, əvvəlki dövrlərdə əmlakın üzərinə həbs qoyulduqdan sonra onun qısa müddətdə satılması üçün müxtəlif vasitələrə əl atılırdı. Vətəndaşın məlumatı olmadan əmlak dəyərindən dəfələrlə ucuz qiymətə satışa çıxarılırdı.

Vüqar Bayramov- millət vəkili: “Nəzərə alsaq ki, bəzi banklar əmlakın uzun müddət saxlanılmasında maraqlı olmadığına görə daha ucuz qiymətə əmlakı satırdılar. Məsələn vətəndaşımzın kreditə görə 70 min manat borcu var, amma onun girov kimi təqdim etdiyi əmlakın qiyməti 150 min manatdır. Bu halda bank daha ucuz qiymətə, yəni real dəyəri 150 min manata olan əmlakı daha ucuz qiymətə - məsələn, 100 min manata satmaqla ona dəymiş ziyanı yəni 70 min manatı kompensasiya etməyə çalışırdı. Bu da nəticədə imkan verirdi ki, vətəndaşın əmlakı daha ucuz qimətə satılırdı. Bu da əmlak sahibinin hüquqlarının qorunması baxımından, xüsusən də onlara ziyanın dəyməsi baxımından arzuolunan deyildi”.

Millət vəkili deyir ki, yeni qərarın tətbiqindən sonra belə halların qarşısı alınacaq. Satış prosesində əmlak sahibinin iştirakına da şərait yaradılacaq. Amma burada bəzi istisna hallar da olacaq.

Vüqar Bayramov- millət vəkili: “Əmlak, əmlak sahibinin razılığı olduqdan sonra satışa çıxarılacaq. Yəni əmlakın üzərinə həbs qoyulubsa, sahibinin razılığı olmadan həmin əmlakın satılması həyata keçirilməyəcək. Və üzərində də həbs olan daşınan və ya daşınmaz əmlak o halda satılacaq ki, həmin əmlak sahibi əmlakın satışa çıxarılmasına razıdır. Və rəsmi razılıq verdikdən sonra həmin əmlakın satılması həyata keçiriləcək. Yalnız istisna hallarda əgər əmlak, xüsusən də daşınan olan daha qısa zamanda xarab olma imkanları varsa və ya ekoloji baxımdan, sağlamlıq baxımından ziyanlıdırsa, bu hallarda razılıq olmadan əmlakın satılması mümkün olacaq”.

Millət vəkili əlavə edib ki, Milli Məclisdə qəbul edilən qanun layihəsinin yaxın günlərdə qüvvəyə minəcəyi gözlənilir.

Aişə Rzayeva