• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1200
— 31.03.2024 17:58

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür

KepezTV Player

31 Mart – Azərbaycanlıların Soyqırımı Günüdür. 106 il əvvəl erməni daşnakları bolşeviklərlə birgə Bakıda, Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, şəhər və kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. Onlar uşaq, qoca, qadın demədən, minlərlə insanı qılıncdan, süngüdən keçirib, diri-diri yandırıblar. Bakı qəzasında 229, Gəncə qəzasında 272, Zəngəzur mahalında 115, Qarabağda isə 157 kənd yerlə-yeksan edilib. Andranikin quldur dəstələrinin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı nəticəsində Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 565 min nəfəri vəhşicəsinə öldürülüb, yaxud öz dədə–baba torpaqlarından qovulub. Ümummilli Lider 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Qanlı cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ildə - soyqırımının 100 illiyi ərəfəsində Sərəncam imzalanıb. 2013-cü ildə Qubada Soyqırımı Memorial Kompleksi ucaldılıb. Ermənilərin tarix boyu xalqımıza qarşı törətdikləri bütün cinayətlərin cavabı 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində və 2023-cü ilin sentyabrında verildi. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi. Bu gün Azərbaycan xalqı soyqırımı qurbanlarının xatirəsini dərin kədərlə yad etməklə yanaşı, bu tarixi Zəfərin tükənməz qürurunu da yaşayır.

Vüsalə Cənnətova