• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1540
— 30.03.2024 19:29

Tələbələrin köçürülməsi ilə bağlı yeni qaydalar

KepezTV Player

Tələbələrin bir ixtisasdan digərinə və ya bir təhsil müəssisəsindən başqasına köçürülməsi ilə bağlı yeni qərarlar qəbul olunub. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, artıq tələbələrin köçürülməsi bir dəfə, yalnız yay tətilində həyata keçiriləcək. Digər dəyişikliklərin nədən ibarət olduğundan isə qarşıda daha ətraflı...

Dəyişiklik təhsil aldığı müddətdə müəyyən olunmuş kreditlərin ən azı yarısını toplamayan tələbələrlə bağlıdır. Onlar təhsil müəssisəsini, ixtisasını və təhsilalma formasını dəyişdirə bilməyəcəklər.

Nicat Əsədli- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini: “Əlavə olaraq subbakalavrdan bakalavra müsabiqədən kənar qəbul olan tələbələrin köçürülməsinə yol verilməyəcək. Ümumilikdə isə köçürülmədə əsas yanaşma eyni olaraq qalır ki, tələbə əgər DİM-in qəbul imtahanlarında iştirak edibsə və köçürülmək istəyirsə, o, köçürülmək istədiyi ixtisasdan daha yüksək bal yığmalıdır. Qəbul olunduğu ildən eyni ixtisas qrupu daxilində köçürülə bilər”.

Yenilik xarici universitetlərdə oxuyanlara da şamil edilir. Onların bir ali məktəbdən digərinə köçürülməsi ilə bağlı dəyişikliklər edilib. 

Nicat Əsədli- Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini: “Xaricdən köçürülmək istəyən tələbələr xaricdəki ali təhsil müəssisəsinə tam orta təhsil haqqında attestatla qəbul olubsa, o zaman onlar köçürülə bilmək üçün iki şərtdən birini ödəməlidilər. Bu ya beynəlxalq səviyyəli imtahan nəticələrinə sahib olmaqdır. Ya da onların xaricdə təhsil aldıqları ali təhsil müəssisəsi tələbənin qəbul olduğu ildə Top reytinq agentliklərinin ilk 500-lüklərinin siyahısında olmalıdır”.

Tələbələrin universitet və ya ixtisas dəyişmələrinin bir sıra səbəbləri var. Bu sırada ali məktəbin yerləşdiyi məkanın tələbə üçün əlverişli olmaması da yer alır.

Sərvan Əkbərov- tələbə: “İxtisasımı dəyişmək istəyirdim. Bir az çətinliklər yarandı deyə, dəyişə bilmədim. Bal çatmadı. Dəyişsəydim də öz ixtisasıma uyğun olaraq başqa bir ixtisasa uyğunlaşa bilməyəcəkdim. Ona görə məcburiyyət qarşısında qaldım”.

Fərid Qurbanov- tələbə: “Mən Naxçıvan Dövlət Universitetində 2-ci kursda oxuyurdum. İxtisasımı bəzi səbəblərə görə dəyişdim. Dəyişdiyim üçün peşman deyiləm. Hal-hazırda kompüter mühəndisliyi üzrə oxuyuram. Tələbələr üçün belə bir şansın olması çox gözəldir”.

Təhsil eksperti Kamran Əsədov isə deyir ki, tələbələrin köçürülməsi ilə bağlı məhdudiyyətlər qoyulmamalıdır. Əksinə, daha geniş imkanlar yaradılmaldır. Bu həm də daha yaxşı mütəxəssislərin yetişməsinə zəmin yaradar.

Kamran Əsədov- təhsil eksperti: “Hesab ediəm ki, bu, yanlışdır. Çünki 11-ci sinifdə oxuyan bir tələbə bilmirdi hansı ixtisasda təhsil alacaq və yaxud qəbul olduğu universitetlə bağlı geniş məlumata sahib deyildi. Hesab edirəm ki, biz təhsilalmanı məhdudlaşdırmamalıyıq. Həmin gənclərin başqa ixtisasda təhsil almalarına köməklik etməliyik. Çünki tələbə 1 il oxuyur sonra görür ki, həmin ixtisas onun üçün uğurlu deyil”.

Hər bir tələbə təhsil aldığı müddət ərzində yalnız 1 dəfə köçürülmə hüququndan istifadə edə bilər.

Aişə Rzayeva