• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 29.03.2024 20:35

Uşaqlar arasında yayılan virus

KepezTV Player

Poliklinika və uşaq xəstəxanalarında sıxlıq müşahidə olunur. Son 1 həftədir uşaqlar arasında kəskin öskürək, yüksək qızdırma və halsızlıq kimi əlamətlərlə özünü biruzə verən virus yayılıb. İnfeksiya xüsusilə 5 yaşa kimi olan uşaqlarda daha sıx rastlanır. Bu hal isə əsaslı olaraq valideynlər arasında müəyyən narahatlığa səbəb olub. 

Virusların 200-dən artıq növü var. Son zamanlar yayılan və xüsusən məktəbəqədərki yaş dövründə olan uşaqlarda müşahidə olunan xəstəlik isə mövsümi xarakter daşıyır. Həmin virusun əlamətləri yüksək qızdırma və halsızlıqla müşahidə olunur.

Nurlana Zeynalova- pediatr: “Uşaqlarda sıx-sıx rast gəlinən əlamətlərdən biri də hərarətin yüksəlməsidir. Adətən bir çox xəstəliklərin ilkin əlaməti olaraq qarşımıza çıxa bilir. Hərarətin yüksəlməsi bir çox infeksiyalarda rast gəlinir. Bu infeksion proseslər mövsümi xarakater daşıyır və adətən yaz- payız müddətində infeksion xəstəliklərin sayının artmasının müşahidəsini görə bilirik. Qeyd etdiyim kimi mövsümi xarakter daşıdığına görə son günlərdə nisbətən bu şikayətlə gələn xəstələrinin sayının artdığını görürük”.

Bu virusa yoluxmaması üçün sağlam uşaqları xəstə uşaqlarla əlaqədən qorumaq lazımdır. Çünki infeksion xəstəliklərin xüsusi müalicəsi yoxdur, sadəcə simptomatik müalicə aparılır. Uşaqda ağırlaşmaların olmaması üçün həkim nəzarətində olmalıdır.

Könül Abdullayeva- valideyn: “Nəvəm üçün gəlmişəm. Çox qızdırması var. İnfeksiyon xəstəlik yayılıb. Uşaqlar arasındadır bu. Elə qonşuların uşağında da var. Son zamanlar bütün uşaqlarda yayılıb bu. Gətirdik, pediatrımız müalicə, dərman yazdı”.

Günel Məmmədova- valideyn: “Uşaq xəstələnmişdi. Həkimə müraciət eləmişik. Kəskin qızdırma, öskürək idi. Həkim müalicə yazdı. Heç bilmirik nə virusudur, belə yayılıb. Uşaqlar 2-3 gün yaxşı olur, sonra yenə qızdırır. Çox pis virusdur”.

Xəstəlik 2 gündən artıq davam edərsə və hərarət enməzsə, mütəxəssisə müraciət etmək tövsiyə olunur. Bundan başqa valideyn uşaqda hər hansı virus infeksiyasının əlamətini aşkar edərsə, özbaşına antibiotik və yaxud güclü dərman almamalıdır.

Nurlana Zeynalova- pediatr: “Valideynlərə ilk tövsiyəmiz hərarətin vaxtı-vaxtında ölçülməsinin nəzarətdə saxlanılmasıdır. Qeyd etmək istəyirəm ki, hərarət bir çox xəstəliklərin ilk əlaməti olaraq qarşımıza çıxa bilər və belə olan hallarda özbaşına hansısa preparatların təyinatından qaçılmalıdır. Və mütləq şəkildə ixtisaslı həkim-pediatrlara müraciət olunmalıdır”.

Pediatr əlavə edib ki, infeksiyalar zamanı uşağa bol maye verilməlidir. Qida rasionunda mümkün qədər zülallar, ət və ət məhsulları, süd və süd məhsulları, meyvə, tərəvəz olmalıdır. Mümkün qədər süni şəkərlərdən, karbohidratlardan, orqanik olmayan qidalardan uzaq durmaq lazımdır.

Aişə Rzayeva