• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2191
— 29.03.2024 09:34

Barmaq izləri səs vasitəsilə oğurlana bilər

Amerikalı və çinli alimlər insanın barmaq izini təşkil edən papilyar xətlərin təsvirlərini səs analizi vasitəsilə bərpa edə bilən yeni üsulu hazırlayıblar. Hazırlanmış yeni üsul PrintListener adlanır və o, bu prosesi istifadəçi barmağının sensorlu ekran üzərində sürüşməsi zamanı yaranan səsin analizi hesabına reallaşdırır. Sistemlərin barmaq izi vasitəsilə qorunması texnologiyası günümüzdə geniş yayılıb və o, etibarlı təhlükəsizlik üsullarından biri hesab edilir. Əgər bu təhlükəsizlik sistemi hal-hazırki templə genişlənməyə davam etsə, 2032-ci ilə qədər barmaq izi vasitəsilə autentifikasiya həlləri bazarının dəyəri 100 milyard dollara yüksələcək. Bununla belə hakerlərin barmaq izlərini oğurlaya biləcəkləri ehtimalı günü-gündən artır.

Buna görə də istifadəçilərin çoxu fotolarda əl ovuclarını sərgiləməməyə çalışırlar. Məlum olub ki, bu mövzuda hakerlər barmaq izlərinin əks olunduqları fotodan deyil, barmağın sensorlu ekran üzərində sürüşdürülməsi zamanı yaranan səsdən istifadə edə bilərlər. Bu cür kiberhücumu reallaşdırmaq üçün haker ilk növbədə mikrofonu aktiv olan mobil cihaza giriş imkanını əldə etməlidir. Daha sonra isə istifadəçinin sürüşdürmə hərəkətinin tez-tez reallaşdırıldığı Discord, Skype, WeChat və FaceTime kimi tətbiqlərdən istifadə etməsi lazımdır. PrintListener adlı yeni kiberhücum növünü hazırlamış mütəxəssislər bir sıra maneələrdən keçməli olublar. Barmağın sensorlu ekran üzərində sürüşdürülməsi zamanı yaranan zəif səs problemini onlar spektral analiz üsulu ilə həll ediblər.

Bununla yanaşı onlar istifadəçinin fizioloji və davranış özəlliklərini nəzərə alıblar və statistik analizi reallaşdıraraq evristik (evristika - həqiqətin müvafiq köməkçi suallar vasitəsilə aşkar edilməsini nəzərdə tutan tədqiqat və ya təlim üsulları) axtarış alqoritmlərini hazırlayıblar. Nəticədə mütəxəssislər PrintListener səs analizi texnologiyası vasitəsilə sintetik barmaq izlərini bərpa edə biliblər. Məlumatda qeyd edilib ki, bu üsul dörd mümkün haldan birində barmaq izlərini qismən bərpa etməyə, on haldan birində isə barmaq izlərini tamamilə bərpa etməyə imkan verib.