• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1984
— 28.03.2024 19:43

İntensiv yağışların kənd təsərrüfatına təsiri

KepezTV Player

Son günlər müşahidə olunan intensiv yağışlar kənd təsərrüfatına təsirsiz ötüşməyib. Belə ki, yağışın yağmağı bəzi bitkilərə zərər verib, bəzilərinə isə çox böyük faydası dəyib. 

Fermerlər bildirir ki, intensiv yağıntı bəzi meyvə ağacları üçün arzuolunan deyil. Çünki ağaclar çiçəkləmə ərəfəsində olduğu üçün yağan yağıntı tumurcuqlara zərər verir. Nəticədə isə məhsuldarlıq aşağı düşür.

Müşfiq Umudov- fermer: “Ağaclar budanıb, bağlanıb, hal-hazırda çiçəkləmə fazasındadır. Düzdür, son günlər yağışın intensiv yağmasının çiçək açan ağacların çiçəklərinə müəyyən qədər ziyanı dəymişdir. Amma bu, bütün ağaclarda deyil. Misal üçün, şaftalıda, ərik ağacında bu fəsadlar görünür. Artıq çiçəkləmə fazasıdır”.

Lakin su qıtlığı olan ərazilər üçün yağıntı əvəzsizdir. Taxıl sahələri bu baxımdan öndə gedir. Yağış taxıl sahələrinə necə deyərlər can verib. Fermer: “Arpa əkmişik və əlavə olaraq 5 ha buğda əkmişik. Düzdür, yağışların çox yağmasının meyvə ağaclarından fərqli olaraq, əkinçilik sahələrinə, misal üçün torpağın oyanmasına, arpanın tez inkişaf etməsinə müəyyən qədər xeyiri var. Yağışlar intensiv yağsa bunun ziyanı odur ki, çiçəyi tam tökə bilər. Arpa sahəsində xəstəlik var. Az miqdarda olsa da var. Bitkinin üzərində çox xəstəliklər yarada bilər”.

Kənd təsərrüfatı üzrə ekspert Hüseyn İdrisov vurğulayır ki, yaz mövsümündə tez yetişən, gilas, ərik, gavalı kimi mövsüm meyvələri xarici təsirlərə davamsızdır. Yağışlar davamlı yağarsa, meyvələrin xarici görünüşündə ləkələr yaranacaq, zədələr, büzüşmələr olacaq.

Hüseyn İdrisov- ADAU-nun Bağçılıq kafedrasının dosenti: “Yağışların nə zaman, nə vaxt, nə qədər yağmasının da müsbət və mənfi tərəfləri var. Yazın gəlişi ilə, təbiətin oyanışı ilə bəzi bitkilər var ki, onlar artıq çiçəkləməyə başlayıb. Bu gün yağan yağışlar açılmış, mayalanmaya hazırlanmış çiçəklərə ziyan vursa da, bundan sonra açılacaq çiçəklərə heç bir ziyanı yoxdur. Əksinə xeyiri var”.

Bütövlükdə yağan yağmurlar kənd təsərrüfatı üçün faydalı sayılır. Əlavə olaraq torpaqda ehtiyat nəmlik yaradır, çaylarda suyun səviyyəsini qaldırır.

Pərvin Abbaszadə