• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2340
— 28.03.2024 19:37

Kollec və magistraturaya qeydiyyat başlayıb

KepezTV Player

Kolleclərə və magistraturaya ikinci cəhd imtahanı üçün qeydiyyat başlanıb. Proses Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytı və sənəd qəbulu mərkəzlərində həyata keçirilir. 

Dövlət İmtahan Mərkəzi tərəfindən gələn tədris ilin üçün orta ixtisas təhsili müəssisələrinə 9 illik bazadan tələbə qəbulu başlayıb. Abituriyentlər Şəxsi kabinetə daxil olaraq elektron ərizə formasını doldurub, təsdiq etməlidirlər. 

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Cari ildə təhsil alan şagirdlərin buraxılış vərəqələri təhsil aldığı təhsil müəssisələrində verilir. Ancaq əvvəlki illərin məzunları - öz elektron ərizəsini təsdiq edən abituriyentlər isə imtahandan bir neçə gün qabaq DİM-in rəsmi internet səhifəsindən öz buraxılış vərəqələrini əldə edə bilərlər. Əsasən 3 fənn üzrə - ana dili, riyaziyyat və xarici dil fənnləri üzrə buraxılış imtahanları götürülür. Ümumi orta təhsil bazasının orta ixtisas təhsili müəssisələrinə xüsusi qabiliyyət tələb edən ixtisaslar var. Həmin nəticələr elan olunduqdan sonra xüsusi qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər qeydiyyatdan keçə bilərlər”.

Abituriyentlərlə yanaşı magistr olmaq istəyən bakalavrlar da imtahanın ikinci cəhdində iştirak etmək üçün elektron ərizə formasını təsdiq etməlidirlər.

Nəsimi Məmmədov- DİM-in Gəncə Regional Bölməsinin müdiri: “Birinci cəhd üzrə imtahanda iştirak edənlərin ikinci cəhd üzrə də imtahanda iştirak etmək hüququ var. Hansı ki, bu, bakalavrın öz arzusundan asılıdır. Eləcə də birinci cəhddə sənəd qəbulunda iştirak etməyən bakalavrlar təbii ki, ikinci cəhddə sənəd qəbulunda, imtahanda iştirak edə bilərlər. Hər iki imtahanda bakalavrların imtahan nəticəsi yüksəkdir, onların ixtisas seçimi mərhələsində iştirak etmək hüququ var”.

Qeydiyyat kolleclər üzrə aprelin 15-nə, ali məktəblər üzrə isə 8 aprelə kimi aparılacaq. 

Elnur Vahidoğlu