• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1945
— 21.03.2024 14:02

Azyaşlı övladlarından qazanc mənbəyi kimi istifadə edənlər

KepezTV Player

Elə bir dövrdə yaşayırıq ki, həyatımızı internetsiz, hətta sosial şəbəkələrsiz təsəvvür etmək olmur. Artıq böyükdən kiçiyə hər kəsin belə platformalarda öz hesabı var. Bəzi valideynlər buna qarşı çıxsa da, bəziləri tamamən əksini edir. Öz övladları ilə birlikdə canlı yayımlar açır, uşaqlarından qazanc kimi istifadə edirlər. Bəs bunun hansı yan təsirləri ola bilər və bu hal qanunla necə tənzimlənir?

Son zamanlar belə görüntüləri xüsusilə də “Tiktok” platformasında tez-tez görürük. Valideynlər öz övladları ilə birgə canlı yayımlar açır, bu yolla izləyicilərdən müxtəlif hədiyyələr toplayırlar. Sonra isə bu hədiyyələri pula çevirirlər. Mütəxəssislər deyir ki, milli dəyərlərə zidd, qeyri-etik davranışların sərgiləndiyi belə tətbiqlərdə azyaşlıların hansısa şəkildə yer alması yolverilməzdir. Bu, birbaşa olaraq uşağın psixologiyası və tərbiyəsinə təsir edir.

Məhbubə Sabirli- psixoloq: “Burada biz uşağı öz yoldaşlarının yaşıdlarının da tənqid obyektinə çeviririk. Baxdığı hansısa videonu lağa qoya bilər. Böyük insanlar belə, məşhurlar belə bu məşhurluğun əziyyətini çəkirlər. Qaldı ki, uşaq bu psixologiya ilə rahat gəzib-dolaşa bilmir. İkinci bir məsələ, bizim övladımız gələcəkdə hansı bir sahəyə yönələcəksə, onun yönələcəyi sahəyə də mane olacaq videogörüntüləri ola bilər. Digər tərəfdən sosial şəbəkədə olan videolara baxıb, bu onların şəxsiyyətlərinə təsir edə bilər”.

Mövzu ilə bağlı suallarımızı şəhər sakinlərinə də ünvanladıq. Onların da məsələyə münasibəti müsbət olmadı. Valideynləri belə hərəkətlərindən çəkinməyə səslədilər.

Şəhər sakini: “Uşaqların psixologiyaları belə pozulur. Mən elə pul qazanmağa birtəhər baxıram. Uşaq məktəbdən, dərslərindən yayınır. Valideynlərin sözündən çıxır. Artıq bilir ki, valideyn ondan istifadə edib, pul qazanır. Uşaq da həvəslənir”.

Şəhər sakini: “İndidən uşağın psxilogiyasını pozular. Uşağın gələcəyini pozurlar. Gətirib çıxarırlar balaca uşaqları “Tiktok”a onun adı ilə reytinq yığırlar. Yaş məhdudiyyətinə nəzarət edə bilsələr daha gözəl olar. Baxsınlar ki, uşaq istifadə edir, həmin profili bağlasalar yaxşıdır. Uşağın şəklinə, videosuna hər hansı bir mənfi rəy gələ bilər”.

Şəhər sakini: “Ona təhqiramiz ifadələr yazıla bilər. Bu da uşaqda psixoloji travmalar yarada bilər. ona görə mən hesab edirəm ki, valideynlər bu məsələyə tam nəzarət eləməlidirlər”.

Şəhər sakini: “Bütün valideynlərə məsləhət görərəm ki, uşaqları “Tiktok”da özləri ilə çıxarmasınlar. Bu, faciəyə gedir. O qazandıqları pullar onların balalarının tərbiyəsindən 100 dəfə artıq çxacaq”.

Daxili İşlər Nazirliyinin mətbuat ximətindən verilən məlumata görə qanunda bununla bağlı hər hansı müddəa olmasa da, valideynlər öz məsuliyyətlərini dərk etməlidirlər. Çünki bütün baş verənlərə görə birbaşa onlar cavabdehlik daşıyırlar.

Eşqin Qasımov- DİN-in Mətbuat Xidmətinin əməkdaşı: “Sosial şəbəkələrdən bəzən azyaşlılar da istifadə edir. Bu zaman hətta onlara öz valideynləri tərəfindən müəyyən dəstəklər də olunur və bu istifadə nəticəsində ictimaiyyət arasında birmənalı qarşılanmayan hallar üzə çıxır və bu, cəmiyyətdə haqlı narazılığa səbəb olur. Belə olduqda polis əməkdaşları tərəfindən həmin azyaşlının valideynləri ilə profilaktiki söhbətlər aparılır və onlara bu tip neqativ halların gələcəkdə baş verməməsi üçün xəbərdarlıqlar edilir”.

Mütəxəssislər bu cür azyaşlıların həm də gələcəyinin təhlükəli olduğunu deyirlər. Ona görə də sosial şəbəkərlərdən uzaq durmağı tövsiyə edirlər. Ən azı 14 yaşına kimi. Sonra isə nəzarət altında saxlayaraq istifadəyə icazə verilməlidir.

Aişə Rzayeva