• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1675
— 20.03.2024 15:45

Unudulan və hələ də yaşayan Novruz adətləri

KepezTV Player

Bütün Şərq dünyası üçün çox əziz olan Novruz bayramı zaman ötdükcə müəyyən dəyişikliklərə uğrayıb, bəzi adətləri unudulub, yeni ənənələr ortaya çıxıb. Bəs Novruz bayramının, ənənələrinin kökləri nəyə dayanır? Hansı Novruz ənənələri zamanla unudulub və ya bu günə kimi gəlib çatıb?

Mənası "Yeni gün" olan Novruz bayramı mənşəyi qədim olan bayramlarımızdandır. Hələ keçmişdən bir çox Şərq ölkələrində baharın - yeni ilin gəlişi şənliklərlə qarşılanıb. Novruzu xüsusi təntənə ilə qeyd ediblər. Əsrlər boyu xalqımız bu bayramda müxtəlif adətlər, mərasimlər yerinə yetiriblər. Ancaq bu gün həmin ənənələrin sadəcə bir neçəsi yerinə yetirilir.

Şəhər sakini: “Əvvəllər beş-altı nəfər yığılırdı qapılara papaq salırdılar və yaxud tonqallardan atlanırdılar. Qızlar qapılarda qulaq falına çıxırdılar, mənim özüm də qız vaxtı bir dəfə etmişəm, qulaq asırdılar ki, görək kimə nə xoş söz düşəcəksə, həmin il onun başına belə bir iş gələcək, yəni xoş xəbərmi olacaq, ailəmi quracaq bu kimi şeylər. Çox adət-ənənələr unudulub, çünki yeni gənclər bu adət-ənənəni qəbul etmirlər”.

Şəhər sakini: “Uşaq vaxtı papaq atırdıq, qapı pusurdular, qızlarla bərabər gedirdik qapı pusmağa. Tonqalın üstündən hoppanırdıq, mahnı qoyub, oynayırdıq, indi heç birindən yoxdur”.

Şəhər sakini: “Qulaq pusqusuna çıxırdıq, ondan sonra papaq atırdıq, o vaxt papaq yox, torba və yaxud da şal, nəsə bir şey qonşulara atırdıq. Uşaqlarla yığışırdıq bu küçədən o küçəyə keçirdik, o küçədən bu küçəyə, hamı biri-birini tanıyırıdı. Ondan sonra yumurta döyüşdürürdük. Qızlar hamısı bir yerə yığışırıdı ləyəndə suya iynə salırdı, ondan sonra üzük sallayırdılar, çox şeylər eləyiridik, indi qabaqki dad yoxdur. İndiki uşaqlar heç onları bilmir”.

Sadalanan adətlərdən günümüzdə bəziləri unudulub, tarixə qovuşub. Vaxtilə cavan qızlar bir yerə toplaşar, üzükləri su üzərində yelləməklə niyyət edərdilər. Yatmazdan öncə şamı güzgüyə yaxınlaşdırar, arzu tutardılar. Hələ yaxın keçmişdə bu kimi adətlər İlaxır çərşənbələrdə insanların yerinə yetirdikləri ayinlərdən olub. Hansı ki, müasir dövrdə bir çoxları bunlardan bixəbərdir.

Salman İmanlı- folklorşünas: “Bu bayramla bağlı çox adət-ənənələrimiz olub. Millət olaraq həmişə bu bayrama özünün ən gözəl töhfələrini xüsusiyyətlərini qoyurlar, ən ləziz yeməklərini də bu bayramda hazırlayıblar. Mən özüm xatırlayıram. Papaq atma, qodu-qodu oyunu deyirdilər. Küçələrdə “Keçəl”lə “Kosa” deyirdilər, çıxırdılar meydana. Cavan oğlanlar “mollamindi” oyunu deyirdilər - gənclər kim bir-birinin belindən nə qədər aşa bilər oyunu idi. Bütün evlərin hamısında bacalar var idi. Gənclər ora çıxıb, xoş söz dinləmək istəyirdilər. Bunların hamısı filmlərimizdə də var”.

Folklorşünas deyir ki, maraqlı adətlər xalqımızın zəngin mədəniyyətinin göstəricisidir. Bunları qoruyub yaşatmaq isə birbaşa valideynlərdən qaynaqlanan məsələdir.

Salman İmanlı- folklorşünas: “Biz tariximizi nə qədər çox yaşadarıqsa Azərbaycan da yaşayacaq, tarixi adət-ənənələrimiz yaşayacaq. Çox təəssüf ki, biz 70 il bu ənənələrdən uzaq olmuşuq. Bizi bunlardan uzaqlaşdırmağa çalışdılar. Azərbaycandakı valideynlərə bütün yaşlı nəsil nümayəndələrinə tövsiyə edərdim ki, öz övladlarına məhz bu Novruz bayramının tarixi haqqında, onun keçmişi haqqında, gözəl adət-ənənələri ilə bağlı daha çox məlumat versinlər”.

Novruz bayramı öz ənənələrinin zənginliyi baxımından digər bayramlardan seçilir. Bu ənənələri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Birlik, dirilik və həmrəyliyi aşılayan Novruz hər kəs üçün xoş müjdələr gətirsin. Novruz arzularınızın reallaşmasının başlanğıcı olsun!

Aişə Rzayeva