• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1640
— 19.03.2024 17:36

Xanın malikanələrindən geriyə qalanlar

KepezTV Player

Cavad xan yeganə Azərbaycan xanlarından olub ki, o, ruslara qarşı amansız və qətiyyətli mübarizə aparıb. Onun adı tarixə cəsur, dediyindən dönməyən və sözünün üstündə duran rəhbər olaraq yazılıb. Qəhrəmanlığı ilə ad qoyan Cavad xanın Gəncədə 3 sarayı olub. Ruslar bu sarayları dağıtmaqla, xanın xatirəsini unutdurmağa çalışıb. 

"Cavad xan" filmindən fraqment:

“Gəncəyə, mənim və övladlarımın meyiti üstündən girə bilərsən!”

Cavad xan 18 il Gəncənin xanı olub və şəhərdə mühüm işlər görüb. Qədim Gəncəni Qafqazın inkişaf edən şəhərlərindən birinə çevirməyi bacarıb. Elə özü də son nəfəsinədək Gəncədə yaşayıb. Tarixi mənbələr xanın şəhərdə müxtəlif təyinatlı 3 sarayının olduğunu göstərir. Onlar tikilişi və memarlıq üslubuna görə də bir-birindən fərqlənib.    

Tarixi mənbələrə görə Gəncənin sonuncu xanı olan Cavad xanın saraylarından biri  bu ərazidə olub. Cavad xan xanlığa aid olan bütün işləri köməkçiləri ilə birlikdə məhz bu saraydan idarə edirmiş.

İlkin Məmmədzadə- tarixçi: “İkinci Xan sarayı indiki Bağbanlar deyilən ərazidə - Mahrasa bağı, 16 nömrəli orta məktəbin qarşısında böyük bir ərazidə olub. Həmin sarayda xanın hərəmxanası yerləşirdi. Cavad xanın digər sarayı indiki Gəncə Dövlət Kukla Teatrının arxasında yerləşibdir. Orada Cavad xan dəftərxanası var idi. Həmin dəftərxana sarayın qalıqlarının bir hissəsi olubdur. Bu saray da tarixi mənbələrdə qeyd olunur ki, Cavad xanın oğlu Hüseyinqulu ağaya məxsus olubdur”.

Gəncəni işğal edən ruslar 1870-ci ildə şəhərin yeni baş planını tərtib etməyə qərar verirlər. Şəhərin görkəminin dəyişdirilməsini özündə ehtiva edən bu plan Cavad xanın malikanələrinin də tarixdən silinməsini nəzərdə tutur. Eləcə də şəhərdəki tarixi abidələr tamamilə dağıdılır.

İlkin Məmmədzadə- tarixçi: “Gəncənin tarixi qalasını yer üzündən silir. Həmçinin köhnə Xan bağı, saraylar yer üzündən silinir, “yevropeyskiy kvartal” adı altında yeni binalar tikdirir. Bu binaların hamısı 1870-80-ci illərdə həmin plana əsasən tikilir. Bunu etməkdə məqsəd, gəncəlilərdən və Gəncə xan ailəsindən qisas almaq olur. Çünki Cavad xan yeganə xanlardan olubdur ki, ruslara qarşı güclü müqavimət göstərib, tabe olmayıbdır”.

Sonucu Gəncə xanı Cavad xan, indi hər il onun məzarı önündə yad edilir. Malikanələrindən nişanə qalmasa da, o, qəlblərdə özünə saray quran yeganə xan olub.  

Elnur Vahidoğlu