• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 922
— 12.03.2024 10:19

Yel çərşənbəsi

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir. Bu çərşənbə xalq arasında "Küləkli çərşənbə", "Yelli çərşənbə", "Külək çərşənbəsi" kimi də tanınır.

Xalqımızın milli bayramları onun ənənəvi mədəniyyətinin elementlərindən hesab olunur. İnsanların inancını əks etdirən bayramları, el şənlikləri canlı tarix nümunələridir. Novruz inanclarının əsasında dayanan insana, təbiətə həyat verən dörd ünsürdən biri də yeldir. Yel sanki havanı, suyu hərəkətə gətirir, onu oyadır, canlandırır, istiləşdirir. Bu istilik isə çayların, göllərin buzunu əritməyə, torpağın donunu açmağa başlayır. Bu çərşənbədə ev-eşik təmizlənir, pal-paltarın, xalça-palazın tozu tökülür. Buna görə bə çərşənbə "Toz çərşənbə" də adlanır. Qohum-qonşu ziyarət olunar, pay aparılar, ağsaqqal, ağbirçəklərin halı xəbər alınar, nəyə ehtiyacları olduğu öyrənilər, dəstək verilərdi. Yel, küləklə bağlı inanclar bu çərşənbədə daha geniş icra olunardı. İnsanlar dərdlərini, azarlarını küləyə danışardılar ki, onu götürüb aparsın. Çərşənbə günü gecə söyüd ağacının altına gedib Yel babanı səsləyib niyyət edərdilər. Digər çərşənbələrdə olduğu kimi, bu çərşənbədə də tonqallar qalanır, süfrələr bəzənir. Evlərdə plov, əsasən də südlü plov, bulğur aşı bişirilir. Süfrəyə dənli bitkilərdən hazırlanmış çərəzlər, quru meyvələrdən və şirniyyatlardan ibarət xonçalar qoyulur. Evlərdə səməni cücərdilir, belinə qırmızı qurşaq bağlanır. Bu ərəfədən başlayaraq bayram üçün yeni geyimlər alınır. Yel çərşənbəsində xüsusi ayinlər də icra olunur; Buna misal olaraq, niyyətin qəbul olması üçün  söyüd ağacının altından keçməyi, Yel çərşənbəsi günü  Yel dağına ziyarət etməyi göstərmək olar.

Günay Əsgərova

 

ƏTRAFLI...