• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 865
— 11.03.2024 10:24

Gənc aşpaz

Bu dəfə sizə aşpazlıq peşəsinə gənc yaşdan başlayan Dilbər xanımı tanış edəcəm. Dilbərin mətbəxə marağı 5 yaşından başlayıb. Anası ilə birgə mətbəxdə vaxt keçirməyi sevən gəncimizin ilk hazırladığı Çoban salatı olub. Daha sonra isə valideynləri onda bu potensialı kəşf edərək aşpazlıq kursuna yönəldib.

Dilbər Əliyeva - aşpaz: “Bu aşpazlıq peşəsinə məndə uşaqlıqdan həvəs var. Və məktəbdə də bu peşənin təhsilini alacağımı eşidəndə çox sevindim. İndi isə bu peşəmi gələcəkdə davam etdirmək istəyirəm”.

“Sevmədiyin peşədə heç zaman uğur qazana bilməzsən”. Bu, həqiqətən də belədir. Dilbərin gələcək xəyalları böyükdür. O, böyük bir restoran sahibi olmaq və öz peşəsində inkişaf etmək istəyir. Eyni zamanda o bilir ki, aşpazlıq işi diqqət tələb edir. Bəs görəsən Dilbərin bu işə həvəsi necə yaranıb? Gəlin elə özündən soruşaq.

Dilbər Əliyeva - aşpaz: “Uşaqlıqdan bu həvəs məndə var. Dərslərə başladıqdan sonra isə marağımı daha da artıran Elnur müəllim oldu. Və belə də davam edir. Dərslərimiz çox maraqlı keçir”.

Hər bir işdə olduğu kimi, bu işdə də təhsil önəmlidir. Eyni zamanda gördüyümüz  işdən zövq almalıyıq. Sevməliyik ki, xoşbəxt olaq. Maraqlıdır, bəs Dilbər təhsilini necə davam etdirir və öz asudə vaxtını necə dəyərləndirir?

Dilbər Əliyeva - aşpaz: “Təhsilimi peşə təmayüllü siniflərdə alıram. Bu mənim üçün sevindirici bir haldır. Və asudə vaxtlarımızda müəllimlərim ilə əylənərək, fərqli təamlar hazırlayaraq işləyirik, həm də öyrənirik”. 

Aşpazlıq həqiqətən də diqqət və intizam tələb edən bir işdir. Bu sənətlə məşğul olmaq istəyən hər bir gənc qarşısına məqsəd qoymalı və davamlı məşğul olmalıdır. Dilbər də bu işə başlamazdan əvvəl bunu bilirdi. Bu iş onun xəyalı olan bir işdir. Elə əsas hissə də burdan başlayır. Xəyal qurmaq. Gəlin görək, Dilbərin gələcək xəyalları nələrdir? O, gələcəkdə özünü harda görür?

Dilbər Əliyeva - aşpaz: “Gələcəkdə də bu peşəni davam etdirmək istəyirəm. Ümid edirəm ki, qismət olsa gələcəkdə restoran açmaq fikrim var. Bir də özümü ən çox şirniyyat sahəsində inkişaf etdirmək istəyirəm”.

Hər bir sənətçinin mütləq özünəxas bir imza işi olur. Bu sahədə də Dilbər, şeflərindən, müəllimlərindən öyrəndiyi yeməkləri yoxlaya-yoxlaya özünün ən dadlı yeməyini ərsəyə gətirmişdir. Bununla yanaşı Dilbər şirniyyat növləri hazırlamağı daha çox sevir. Gəlin öyrənək görək ən dadlı hazırladığı şirniyyat və yemək hansıdır?

Dilbər Əliyeva - aşpaz: “Ən çox şirniyyat nəzərdə tutaq. Ən yaxşı bişirdiyim qozlu tortdur. Yeməyə gəldikdə isə, nə etsəm ləzzətli olur.

İstedadlı gəncimizin xəyalları böyükdür. Qeyd etdiyim kimi hər şey xəyal qurmaqdan başlayır. İlk olaraq xəyal qurmalı, daha sonra qarşınıza məqsəd qoymalı və sonda hərəkətə keçməlisiniz. Eyni zamanda uğura gedən yolda qətiyyətli və əzmkar olmalısınız. Biz də “Gəncəm“ komandası adından Dilbərə bu yolda uğur arzu edir, nailiyyətlərinin bol və davamlı olmasını ümid edirik.

Ülvi Cəfərov

 

ƏTRAFLI...