• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2283
— 04.03.2024 20:15

Yoluxucu xəstəliklər şəkərli diabetlərin sayını artırır

KepezTV Player

Hazırda bütün dünyada olduğu kimi, ölkəmizdə də şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı durmadan artır. Belə xəstələrin sayının artması karonavirusa yoluxanlar arasında çoxluq təşkil edir. Bundan başqa yoluxucu xəstəliklərdən əziyyət çəkənlər də şəkərli diabet xəstəsi ola bilərlər. 

"Yol əhvalatı" filmindən fraqment

“Hirslənməyin, Qurban dayı. Bir işdir olub. Sizin yaşda hirslənmək olmaz - şəkəriniz artar.

Mənim şəkərim normaldır”.

Hirslənməklə şəkərli diabet xəstəsi olmağın vaxtı elə Sovet dövründə qalıb. Elə depressiya, xroniki stress, artıq çəki, hərəkətsizlik, düzgün qidalanmamaq kimi faktorlar da yeni xəstəliklərin şəkərə səbəb olmasının kölgəsində qalıb. COVİD 19-a yoluxanlarda mədəaltı və böyrəküstü vəzlərin zədələnməsi şəkərli diabet xəstələrinin sayını artırıb.

Xalidə Hümbətova- sakin: “Karonavirus olmuşdum, özü də çox ağır keçirdim. Həmin müddətdə şəkərim lap yüksəyə qalıxdı. Demək olar ki, koma həddinə gəlib çatmışdı”.

Bundan başqa mövsümi yoluxucu xəstəliklər də şəkəri yaradan faktorlar sırasındadır.

Anar Məmmədov- həkim: “Qızılca infeksiyası da artıq yayılıbdır. Yaxud qrip infeksiyalarıdır buna yoluxur və dolayısı yolla mədəaltı vəzini zədələyir. Bəzi dərmanlar sistem xəstəliklərində revmatoid-artrit, oynaq xəstəliklərində, dəri xəstəliklərində istifadə olunan dərmanlar da şəkərli diabet xəstəliklərinə gətirib çıxarmaqdadır. Həmçinin karonavirus infeksiyasından sonra mədəaltı vəzinin zədələnməsindən dolayı yaranan şəkərli diabet xəstələrini də buna misal göstərmək olar”.

Şəkərli diabet xəstələri əsasən insulindən asılı və həblərlə müalicə alan olurlar. Onlara Səhiyyə Nazirliyi tərəfindən 23 adda dərman  pulsuz olaraq verilir.

Rəhimə Məmmədova- baş tibb bacısı: “Həkim təyinatına uyğun olaraq anket çıxarılır və resept yazılır. Resept şəklində aptekdən dərmanlarını alırlar. Hər ay da dərmanlar öz qaydasında gəlir. Ola bilər öz aldığı dərman çatmır, başqası ilə əvəz olunur. Amma xəstə dərmansız qalmır. Şəxs özü kimliyi ilə bərabər gəlməlidir. Yaxud da şəxsin ailə üzvü oğlu və ya qızı gəlir. Əgər kənar şəxsə verilirsə, birbaşa etibarnamə ilə verilir”.

Gəncədə 8737 nəfər şəkərli diabet xəstəsi kimi qeydiyyatdadır. İlin əvvəlindən yeni qeydiyyata düşənlərin sayı 100-dür. Son iki ayda xəstəlikdən əziyyət çəkən 15 nəfər vəfat edib.

Elnur Vahidoğlu