• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1112
— 20.02.2024 13:25

Bir-birinə bənzəyən qızılca və skarlatinanı necə ayırd edək?

KepezTV Player

Ötən ilin sonundan etibarən ölkəmizdə yayılan qızılca xəstəliyi, bəzən skarlatina ilə dəyişik salınır. Bir-birinə çox oxşayan bu infeksion xəstəlikləri bəzi məqamlarda ayırmaq çətin olsa da, mütəxəssislər tərəfindən müayinə aparılan zaman asanlıqla diaqnoz qoyula bilir.

Skarlatina daha çox uşaqlar arasında geniş yayılıb. Ən çox 3-7 yaşlılarda rast gəlinən bu infeksion xəstəliyə yoluxanların qızılca kimi bədən hərarəti kəskin artır, dəridə səpkilər əmələ gəlir. Ancaq bu iki xəstəlik zamanı səpkilər fərqlənir, həm də bədənin müxtəlif nahiyələrində olur.

İradə Dəmirova- Gəncə şəhərinin baş infeksionisti: “Skarlatinada mərhələlilik olmur. Birdən-birə görürsüz ki, xəstənin bütün bədənində nöqtəvari şəkildə səpkilər olur. Amma qızılca səpkiləri ləkəvari səpkilərdir. Dəri fonu dəyişmir, yəni ağ dəri fonunda qırmızı məxmərəyə bənzər ləkələr olur. Gözlərdə də sulanmalar olur. Xəstələr işığa baxanda gözlərim sulanır, qamaşır deyirlər. Skarlatinada bundan fərqli olaraq birinci növbədə çənəaltı limfa düyünləri böyüyür. Bunların fərqli cəhətləri budur. Bir də dilləri moruğabənzər formada olur. Xəstəliyin 3-cü günündən başlayaraq xəstənin dili moruğu şəkil alır və belə xəstələrin 3-cü həftəsindən bədəndə qabıqlanma baş verir”.

Skarlatina infeksiyasının müalicəsi qızılca kimi mütləq şəkildə həkim təyinatına uyğun aparılmalıdır. Əks təqdirdə müxtəlif fəsadlar verə bilər. İradə Dəmirova- Gəncə şəhərinin baş infeksionisti: “Birinci növbədə bunlar yuxarı tənəffüs yollarının xəstəlikləri olduğuna görə bronxitlər, pnevmaniyalar sonra ağırlaşmalar - otit verə bilər. Və ya axırda ensefalit verib, ölümə də səbəb ola bilər. Skarlatina fərqli olaraq oynaqları zədələyir. Skarlatina, qızılca ilə müqayisədə daha çox artritə yol açır”.

Mütəxəssislərin fikrincə, türkəçarə, ən əsası da el arasında ulaq südü kimi məşhurlaşan müalicə üsulları bu xəstəlikdə gərəksiz hesab edilir. Xəstəliyə vaxtında edilən müdaxilə isə ağırlaşmanın, həmçinin ölüm hallarının qarşısını böyük ölçüdə ala bilər.

Orxan Cəfərzadə