• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1755
— 19.02.2024 20:55

Dama və şahmat üzrə yarışlar keçirilib

KepezTV Player

Gədəbəydə idmanın şahmat və dama növü ürzə yarışlar keçirilib. Şahmat üzrə daxili birincilik “Xocalı Soyqırımı”na, dama üzrə rayon birinciliyi isə “Yaşıl Dünya Naminə Həmrəylik ili"nə həsr olunub.

Gədəbəy rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə keçirilən yarış A və B qrupları üzrə baş tutub. A qrupunda 10-16 yaşadək, B qrupunda isə 10 yaşadək oğlanlar və qızlar şahmatın İsveçrə sistemi üzrə ən güclüləri müəyyənləşdiriblər. Ümumilikdə yarışın mükafatları uğrunda 113 şahmatçı 5 yaş kateqoriyasında mübarizə aparıb. 

Beyrək Bağırov- Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru: “Gədəbəydə ümumiyyətcə yaxşı idmançılarımız var. Sadəcə olaraq onlar arasında müxtəlif yarışlar keçirərək onların potensialını, bilik və bacarıqlarını biz yenidən müəyyən edirik ki, burada qalib olmuş idmançılar arasında öz daxili təlim-məşq toplanışı keçirək və idmançıların bilik səviyyəsini yüksəldək ki, qarşıda keçiriləcək mötəbər yarışlarda iştirak edə bilsinlər”.

Qeyd edək ki, daxili birincilik seçim xarakteri daşıyıb. Bu yarışın qalibləri fevralın 26-da Gəncədə "Xocalı Soyqırımı"na həsr olunacaq respublika səviyyəli turnirdə iştirak etmək hüququ qazanıblar.

Qiyas Abdullayev- şahmatçı: “Mənim 9 yaşım var. Bu gün Heydər Əliyev Sarayında yarış keçirildi. 7 tur təşkil olunmuşdu. Çətinliklə də olsa, bu turların hamısında qələbə qazandım və yarışın qalibi oldum. Bu idmanı mənə atam sevdirib”.

Leyla Həsənova- şahmatçı: “8 yaşımdan şahmata gəlirəm. 7 turdan 6-nda qələbə qazana bildim. Gəncədə birinci yeri qazanmaq istəyirəm və həmişə birinci olmaq istəyirəm”.

Gədəbəydə “Yaşıl Dünya Naminə Həmrəylik” ilinə həsr olunmuş rayon birinciliyində isə 50-yə yaxın dama yarışçısı iştirak edib.

Röyal İsmayılov- sektor müdiri: “64 xanalı dama üzrə rayon birinciliyi keçiririk. Burada gənclər, kadetlər, kiçik kadetlər arasında rayon birinciliyi keçirilir. Bu idman növünə rayonumuzda maraq yüksək səviyyədədir və kütləvilik daha çoxdur”.

Dairəvi sistem üzrə təşkil olunan yarışda 2008-2016-cı il təvəllüdlü damaçılar qüvvələrini sınayıblar.

Hüseyn Əliyev- damaçı: “Mən, 6 yaşımdan damaya gəlmişəm. Birinci dəfə bu yarışda iştirak edəndə 3-cü yerə çıxmışdım. Bu dəfə isə çoxlu hazırlaşdım və bu yarışın qalibi oldum”.

Nigar Abdullayeva- damaçı: “Dama oyununa həvəslə gəlirəm. Keçən dəfə iştirak edəndə birinci yerə çıxmışdım. Budəfəki dama yarışlarında bir az çətinlik çəkdim və ikinci yerə çıxdım”.

Hər iki yarışın qalibləri  medal və kubokla təltif olunublar. Şahmat yarışında isə ən yüksək nailiyyət göstərən idmançılara kubok təqdim olunub. 

Ramin Paşayev