• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 18.02.2024 19:33

İdmançılar peşəkar reabilitasiya xidmətindən yararlanırlar

KepezTV Player

Gənclər və İdman Nazirliyinin tabeliyində olan Gəncə şəhər Tibbi Bədən Tərbiyəsi Dispanserində idmançılara yüksək səviyyəli xidmət göstərilir. Dispanser zona üzrə Uşaq-Gənclər İdman Məktəblərinin şagirdlərini, habelə müxtəlif səviyyəli idman yarışlarına hazırlaşan yüksək dərəcəli idmançıların tibbi təminatının həyata keçirilməsini təmin edir. Məlum olduğu kimi Gəncə, 2025-ci ildə III MDB Oyunlarına ev sahibliyi edəcək. Bu məqsədlə Gəncədə bir çox işlər görülür ki, Dispanser də bu əlamətdar hadisə üçün hazırlıqlarını davam etdirir. 

Aynur İbrahimova- baş həkim: “Əlimizdən gələn hər bir işi, hər bir köməkliyi idmançılar üçün etməyə hazırıq. Elə günü bu gün də hal-hazırda edirik. Bu yaxınlarda İntiqam müəllim özü şəxsən gəlmişdi. İdarəyə nəzarət etdi. Gördü ki, reabilitasiya otağımız necə yaxşıdır, müasir aparatlarımız var. 6 aydan bir idmançıları dispanserə dəvət edirik. Anket açılır, qeydiyyata alınırlar. Nə lazımdırsa, müayinə və müalicə metodları tədbiq olunur”.

Elə dispanserdə olduğumuz müddətdə Gəncə Voleybol Klubunun oyunçuları da tibbi müəssisənin xidmətlərindən yararlanırdılar. İdmançılar göstərilən xidmətdən razı qaldıqlarını ifadə etdilər.

İrina Klimanova- voleybolçu: “7 gündür müalicə üçün dispanserə gəlirik. Çiynimi və axilles vətərimi müalicə edirlər. Elektroforez, ultrasəs, maqnit və lazer xidmətlərindən yararlanıram. Xidmətdən razıyam, bizim üçün vaxt təyin ediblər, o saatlarda bizi gözləyirlər, gülərüzlə qarşılayırlar. Çox razıyıq”.

Dispanser bədən tərbiyəsi və idman müəssisələrinə idman təbabəti üzrə təşkilati-metodiki rəhbərliyi təmin edir. Müalicə profilaktiki müəssisələr kimi, idman cəmiyyətlərində bədən tərbiyəsi və idmanla məşğul olanlara həkim nəzarəti və konsultativ kömək məsələlərini həyata keçirir, zona üzrə idman ocaqlarında mühazirələrlə çıxış edirlər. 

Ramin Paşayev