• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2297
— 16.02.2024 19:48

Dollara tələbat kəskin artır

KepezTV Player

Azərbaycanda dollara tələb kəskin artıb. Bildirilir ki, rekord məbləğdə dollar satılır. Bununla bağlı banklara sifariş 150 milyon dollardan çox olub. Bu da 2024-cü ilin ötən dövrünə nisbətən 60 faizədək artım deməkdir.

Bu gün banklardan dolların alışı durmadan çoxalır. Dollara tələbatın artması özünü valyutadəyişmə məntəqələrində də göstərir. Lakin bu hal manatın mövcud məzənnəsinin dəyişməsi ilə müşahidə olunmur.

Ruslan Paşayev- bank mütəxəssisi: “Ümumilikdə ilin əvvəlində xarici valyutaya tələbat artır. Hərraclarda valyuta tələblərinin artırılmasını əsasən dövlət layihələrinin icrası və özəl sektorlarının idxal tələblərinin artırılması kimi qeyd etmək olar. Özəl sektorların idxal tələbinə əsasən kənt təsərrüfatı məhsullarını xüsusi olaraq vurğulamaq olar. Valyuta bazarı tədiyyə balanslı şəraitində fəaliyyət göstərir”.

Mərkəzi Bankdan verilən məlumata görə isə son hərraclarda valyutaya tələbin aktivləşməsinin bir neçə səbəbi var. Bu, əsasən iqtisadi amillərlə gedən proseslərdə özünü göstərir. Şübhəsiz ki, dünya birjalarında alqı-satqı sistemində də daima dəyişikliklər olur. Bu dəyişikliklər də valyutaların alqı-satqısına təsirsiz ötüşmür. Bununla belə, aparılan təhlillər göstərir ki, tələbin artması yalnız psixoloji faktorlar ilə bağlıdır.

Məsim Abadov- iqtisadi ekspert: “Neftin, qazın qiymətinin dəyişməsi – qalxması-enməsi sonda dollara təsir edir, bu da Azərbaycana təsir edir. Azərbaycan ixracının böyük əksəriyyətini neft və qaz təşkil edir. Dünya bazarında bunun qiymətinin qalxması və Azərbaycan manatının stabil saxlanılması bundan asılı olduğu üçün, sözsüz dollara təsir edir. Amma ən əsas da dolların qiymətinin qalxması iqtisadi amillərdən çox insanların ajiotajıdır”.

Ancaq buna baxmayaraq, dollara inanmayıb onu almağa üstünlük verməyənlər də kifayət qədərdir.

Zeynal Məmmədov- sakin: “Dollar yaddır, hər şey ola bilər. Qalxa da bilər, düşə də bilər, ancaq manat millidir. Dollar faydasızdır, manat üstündür. Alış-verişimiz manatladırsa, manat saxlayaram”.

Kəmbiz Məmmədov- sakin: “Milli pula üstünlük verirəm. Azərbaycanda yaşayırıq, milli pulumuza da inamımız çoxdur”.

Təxminən 9 il bundan öncə Azərbaycanda dollar 80 qəpikdən qalxaraq bir manat oldu. Ondan da bir il yarım sonra yenidən dollar üzən məzənnəyə keçərək 2 manata qalxıb. Mərkəzi Bankın nizamlama siyasəti ilə uzun müddətdir ki, 1 dollar 1 manat 70 qəpiyə təklif edilir.

Elnur Vahidoğlu