Bakının Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Orxan Məmmədov və Ramin Səbbaqini saxlayıblar. Orxan Məmmədovdan və idarə etdiyi “Toyota” markalı avtomobildən 12 kiloqram, o cümlədən 3 kiloqram heroin, 2 kiloqram metamfetamin, 7 kiloqram marixuana və 350 ədəd psixotrop tərkibli metadon həbi aşkar edilib. Ramin Səbbaqinin üzərindən isə 2 kiloqram marixuana götürülüb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri ayrı-ayrı ünvanlara çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Orxan Məmmədov paytaxt ərazisində idarə etdiyi avtomobillə taksi sürücüsü görüntüsü yaradaraq narkokuryerliklə məşğul olub. Saxlanılan şəxslərin daxil olduqları narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Baxış: 152