• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1614
— 02.02.2024 17:05

Gəncədə yataqxana binası yanıb, 10 nəfər təxliyə edilib, zəhərlənən var

KepezTV Player

Gəncə şəhəri, Atatürk prospekti 197 ünvanında, beşmərtəbəli yataqxana binasının üçüncü mərtəbəsində ümumi sahəsi 12 m² olan otağın konstruksiyaları yanıb. Yüksək temperaturdan ümumi dəhlizin divarları qarsalanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 4 yanğınsöndürən maşını və canlı qüvvə cəlb olunub. Olay zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər tüstülənmiş sahələrdən təxliyə olunub. Onlardan 1962-ci il təvəllüdlü qadına hipertenziya səbəbilə yerində yardım göstərilib. 2005-ci il təvəllüdlü P.Alıyev isə tüstüdən boğulma səbəbilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya yerləşdirilib. TƏBİB-dən verilən məlumata görə, hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir. Yanğın söndürülüb. Bina sakinlərininin verdiyi məlumata görə, olaya qeyd olunan ünvanda yaşayan İlahə Cəlilovanın səhlənkarlığı səbəb olub.

Telman Məmmədov- sakin: “Anası bunu atıb, çıxıb gedib ayrı yerə. Bu da dünən gecə saat 2-də qapını təpiklə vurub, qırıb, girib içəri. Gecə səhərə qədər hay-küy. İşdə idim. İşdə mənə dedilər ki, evin yanır. İşdən qaçaraq indi gəlmişəm. Allaha çox şükür ki, mənim evim yanmayıb”.

Fatma Yusifova- sakin: “Ev yenə də təhlükədədir. Yenə yanacaqdır. İçki içir, gəlir oturur, evin içində tonqal qalayır. Xahiş edirik bir tədbir görsünlər”.

Ramin Paşayev