• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1055
— 31.01.2024 19:37

Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyalarının altıncı görüşü keçirilib

KepezTV Player

Azərbaycan və Ermənistan arasında sərhəddə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və dövlət sərhədinin delimitasiyası, sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın altıncı görüşü keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Baş nazirin müavini Şahin Mustafayev və erməni həmkarı Mger Qriqoryanın rəhbərliyi ilə 2 ölkə arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın altıncı iclası baş tutub. Siyasi şərhçilər hesab edir ki, yaxın keçmişlə müqayisədə Ermənistan hazırda sülh müqaviləsi ilə bağlı daha loyal mövqe tutmaqdadır. Şübhəsiz, bu, Azərbaycanın siyasəti nəticəsində mümkün olub. Rəsmi İrəvan sülh müqaviləsi olmadan regiondakı mövcudluğunu davam etdirə bilməyəcəyinin fərqindədir.

Analitiklər deyirlər ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi hansısa mücərrəd xəritələrə görə deyil, tarixi və mövcud reallıqlara, həmçinin 44 günlük müharibənin doğurduğu nəticələrə uyğun aparılmalıdır. Odur ki, sözügedən məsələdə hansı xəritələrdən istifadə olunacağı iki tərəfin ortaq qərarından sonra müəyyən ediləcək.

Əhməd Şahidov- politoloq: “Gündəlikdə duran məsələ hələ də Azərbaycana aid 8 kəndin Azərbaycana təhvil verilməsidir. Hal-hazırda erməni cəmiyyətində bunun təşvişi yaşanmaqdadır. Çünki son 30 illik erməni işğalı dönəmində orada artıq erməni ailələr yaşamaqdadır və anklav şəkilində Ermənistanın içərisində yerləşən bu kəndlərin Azərbaycana təhvil verilməsi Ermənistan cəmiyyətində bir təşviş doğurmaqdadır. Amma bunun başqa yolu yoxdur. Sülh müqaviləsi imzalanacaqsa, yekun sənəddə hər iki ölkənin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı öz əksini tapmalıdır ki, bu 8 kənd də Azərbaycanın suveren əraziləridir”.

Siyasi şərhçilər deyirlər ki, Ermənistan sülhün təmin olunmasının onlar üçün qurtuluş olduğunu yaxşı anlayır. Çünki yalnız bu halda Ermənistanla təhlükəsiz əməkdaşlıqdan danışmaq olar. Qısası, İrəvanın Bakının sülh təkliflərinə cavab verməkdən başqa yolu yoxdur. 

Vüsalə Cənnətova