• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1850
— 30.01.2024 20:04

Siqaret tüstüsünə məruz qalanların üzləşdiyi təhlükə

KepezTV Player

Siqaretlə bağlı maarifləndirmə işlərinə baxmayaraq, bəzi insanlar hələ də siqareti harada və necə gəldi çəkirlər. Öz canlarına ziyan vurmaqları qalsın bir yana, ətrafındakıların da sağlamlıqlarını düşünmürlər. Hətta öz övladlarının da. Onları passiv siqaretçəkməyə məruz qoyurlar. Mütəxəssislər tütünçəkmənin bu növünün təhlükəsi ilə bağlı xəbərdarlıq edir. 

Siqaret hər yaş qrupu üçün zərərli olan bir vərdişdir. Hazırda dünya ictimaiyyətini aktiv siqaretçəkmə ilə yanaşı, passiv siqaretçəkmə də narahat edir. Çünki siqaretin passiv formada çəkiləni aktivə nisbətən daha təhlükəli hesab olunur. Bu, tənəffüs yolları xəstəliklərinin ağırlaşmasına, eyni zamanda iltihabi xəstəliklərin yaranmasına səbəb olur.

Şirxan Vəliyev- həkim: “Passiv siqaret çəkən dedikdə, yəni passiv tütün məmulatlarının tüstüsünə məruz qalan şəxslər nəzərədə tutulur. Hansı ki, bunlar aktiv siqaretçəkənlərdən daha çox zərər görürlər. Səbəbi isə, aktiv siqaretçəkənlərin ağciyərinin tüstüyə daha çox adaptasiya olduğudur. Bunların isə ağciyərləri daha həssasdır və həmin tüstü onlara daha çox təsir göstərir. Passiv tütünçəkmədən qorunmaq üçün tütün tüstüsündən, tabak tüstüsündən uzaq durmalı, həmin mühitlərdə olmamaq lazımdır”.

Evdə, ətrafdakıların yanında, təsadüfən keçərkən çəkilən siqaretin tüstüsünün qəbulu passiv siqaretçəkmə sayılır. Buna münasibət isə birmənalı olaraq mənfidir. 

Şəhər sakini: “Müşahidə eləmişəm, uşağın yanında çəkirlər. Pis baxıram. Bayırda çəkmək lazımdır”.

Şəhər sakini: “Siqaretin tüstüsü ziyandır. Həm uşağa, həm xəstəyə”.

Şəhər sakini: “Buna evində oluruq, çalışıram balkonda çəkim. Tərgitməyə çalışmışam, edə bilmirəm”.

Şəhər sakini: “Çöldə çəkirəm, açıq havada”.

Şəhər sakini: “2 ildir tərgitmişəm, çox yaxşıdır”.

Şəhər sakini: “Onun heç nəyə xeyiri yoxdur”. 

Mütəxəssislərin fikrincə siqaret ən çox da azyaşlılara zərər yetirir. Övladlarının yanında siqaret çəkən valideynlər azyaşlılara pis örnək olmaqla yanaşı, həm də onların sağlamlığına ziyan vururlar.

Yüksəl Hüseynli- həkim: “Uşaqların tənəffüs yolu, orqanizmi, bədən quruluşu böyüklərdən tamamilə fərqlidr. Tənəffüs yolları daha həssasdır, daha çox infeksiyalara meyllidirlər. Və siqaretin tərkibində olan zərərli maddələr tənəffüs yollarımızın selikli qişasını zədələyir. Virusa, bakteriyaya yoluxmanı artırır və daha tez-tez xəstələnməyə səbəb olur”.

Siqaret tüstüsündə təxminən 4000-ə kimi kimyəvi maddə var ki, onların da 50-yə qədərinin xərçəng xəstəliyi törətməsi sübuta yetirilib. Bu kimyəvi maddələr isə istər aktiv, istərsə də passiv siqaretçəkənlərdə ciddi xəstəliklərin baş qaldırmasına səbəb ola bilər. 

Şirxan Vəliyev- həkim: “Xüsusən astma, bronxit-astma, yuxarı tənəffüs yollarının digər xəstəliklərindən müraciət edən xəstələrdir. Anamnestik olaraq bunlarda passiv siqaretçəkməni izləmək olur. Özləri siqaret çəkmir, amma siqaret çəkilən mühitlərdə daha çox olurlar. Bununla bağlı xəstəliklərin daha da irəlilədiyini görə bilirik. Və həmin mühitlərdən uzaqlaşdıqdan sonra xəstəliklərin sürətlə sağaldığını, yaxşılaşmağa doğru getdiyini görə bilirik”.

Araşdırmalar göstərir ki, dünyada hər il 7 milyon insan tütün tüstüsünün təsirindən, onun yaratdığı xəstəliklər nəticəsində dünyasını dəyişir. Bunların arasında 900 min nəfərini passiv tütün çəkənlər təşkil edir.

Aişə Rzayeva