• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1444
— 30.01.2024 20:00

GAZ-da Qarabağda işləyəcək traktorlar yığılacaq

KepezTV Player

Cari il fəaliyyətinin 20 ili tamam olan Gəncə Avtomobil Zavodunda 2023-cü ildə traktor istehsalında artım qeydə alınıb. Buna zavodda ötən ildən yeni traktorların istehsalına başlanılması da öz təsirini göstərib. Müəssisənin 2024-cü illə bağlı planları da var.

2022-ci il ərzində Gəncə Avtomobil Zavodunda 587 müxtəlif modeldə traktor yığılıb. Bu göstərici ötən il 75 ədəd artaraq 662-yə çatıb. Bu, istehsalda 12,7 faizlik artım deməkdir.

Məqsəd Rəhimov- Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin mətbuat katibi: “Bu da ondan irəli gəlir ki, müəssisəsimizin marketinq xidməti, əməkdaşlıq etdiyimiz şirkətlər, dillerlər müəssisəmizin istehsal etdiyi texnikaların həm reklamını, həm onların iş qabiliyyətini, gücünü mütəmadi olaraq fermerlərlə yerlərdə görüşlərdə iştirak zamanı bu haqda danışırlar, reklam rolikləri hazırlayırıq ki, bu da müəssisəmizin istehsal etdiyi texnikaların daha çox fermerlər tərəfindən yaxşı mənimsənilməsinə gətirib çıxarır”.

Müəssisədə 2023-cü il yeniliklərlə də yadda qalıb. Bu da istehsalın artımına təsirsiz ötüşməyib. Bağlanan müqavilə əsasında Cənubi Qafqazda ilk dəfə Gəncə Avtomobil Zavodunda yeni tipli traktorların istehsalına başlanılıb.

Məqsəd Rəhimov- Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin mətbuat katibi: “Əsas yeniliklərdən biri ondan ibarətdir ki, müəssisəmizin İtaliyanın ZDF qrupu ilə bağladığı müqaviləyə əsasən, alman markası olan traktorların müxtəlif modellərinin yığımı həyata keçirilir və bu günə qədər 22 belə traktor yığaraq təhvil vermişik. Bundan sonra da bu tip traktorların yığımı həyata keçiriləcək”.

Zavodda texnika istehsalı üçün müxtəlif bölmələr fəaliyyət göstərir. Yığımın həyata keçirilməsi üçün 500-ə yaxın əməkdaş çalışır. İşlər yerli mütəxəssislər tərəfindən yerinə yetirilir.

Xanlar Cəfərov- baş usta: “14 ildir Gəncə Avtomobil Zavodunda çalışıram. İlk dəfə bura işə qəbul olunanda mütəxəssislər tərəfindən öyrədilmişəm. Hazırda özüm baş ustayam. Yeni gələn işçiləri öyrədirik. Texnikaların yığılması üçün hər şey öyrədilir. Keyfiyyətli tarktorlar yığırıq, peşəkarlarımız var. Günü-gündən də sayları artır”.

Nəsrəddin Şabanov- işçi: “Traktorların yığılmasında 6 post var. Bu postda soyutma sisteminin quraşdırılmasına mən cavabdehəm. Digər işləri də görürəm. Təkərin bağlanması və başqa işlərə baxırıq”.

Müəssisə cari il də tam gücü ilə fəaliyyət göstərərək plana uyğun istehsalı həyata keçirməyi planlaşdırır. Yığılan bəzi texnikaların işğaldan azad olunan ərazilərdə istifadəsi nəzərdə tutulur.

Məqsəd Rəhimov- Gəncə Avtomobil Zavodu İstehsalat Birliyinin mətbuat katibi: “Əvvəllər bilirsiniz ki, müəssisəmiz elektrobusların yığımını həyata keçirib. 4 elektrobus yığılıb. Bundan başqa Belarus traktorlarının ən böyük ölçüsündə olanı 25-51 markalı traktoraların yığımını həyata keçirmişik, hansı ki həmin traktorlar işğaldan azad olunan torpaqlarda daha çox effekt verəcək. Ümidvaram ki, bundan sonra da bu istiqamətdə işlərimiz davam edəcək”.

Ötən il zavodda müxtəlif modeldə 366 yük avtomobili, 341 “KamAZ”, 50 ədəd “SAMPO” markalı kombayn və 23 ədəd “KamAZ” şassisi üzərində quraşdırılan vaxta avtobusu yığılıb.

Orxan Cəfərzadə