• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 30.01.2024 19:52

Qazın dəminə düşməmək üçün tövsiyələrə əməl etmək lazımdır

KepezTV Player

İlin əvvəlindən Gəncədə 10 nəfər dəm qazından boğulub, bir nəfər isə həyatını itirib. Mütəxəssislər bir daha əhaliyə müraciət edərək, təhlükəsizlik qaydalarına riayət etməyin həyati əhəmiyyətinə toxunurlar. 

İntizar Qaziyeva- sakin: “Şəxsən mən boğulmuşam, qardaşımın oğlu yardımıma çatmasa, ölərdim. Hamamda olmuşdu, başım hərləndi, yıxıldım, daha heç nə hiss etmədim. Mən “minutka”dan boğulmuşdum, “minutka” hamamda olmasa, daha gözəl olar”.

Yadda saxlamaq lazımdır ki, dəm qazı iyisizdir və hiss olunmur. Barmaqarası baxdığımız məqamlar isə təhlükəli vəziyyət yaradaraq, bu kabusun qurbanına çevrilməyə əsas verir. Havalar soyuduqca isə, dəm qazından zəhərlənənlərin sayı artıb.

Mirqalib Seyidov- həkim: “Xəstə bu halla rastlaşan kimi, ayna-qapılar açılmalı, xəstə təmiz havaya çıxarılmalıdır ki, oksigenlə təmasda olsun. Təcili tibbi yardım çağırılıb, xəstə tibb müəssisəsinə çatdırılmalıdır. Xəstə gələrkən oksigenə qoşulur və sistemlərlə orqanizmdə olan karbon qazı təmizlənir”.

Təngnəfəslik, huşun itirilməsi, bədən ətrafında göyərmə, ürəkbulanma, təzyiqin aşağı düşməsi dəm qazının əlamətləri sırasındadır. 

Rövşən Allahverdiyev- sakin: “İki gün bundan öncə mənim ən yaxın qohumum dəm qazından zəhərlənmişdi. Təcili gətirdik xəstəxanaya və burada sağaltdılar. Ondan sonra apardıq. Hər bir insana tövsiyəm odur ki, sağlamlıqlarını qorusunlar. Dəm qazından ehtiyatlı olsunlar”.

Çingiz Allahverdiyev- sakin: “Eşidirəm ki, dəm qazından zəhərlənmələr olur. Bu, informasiyadan da bəllidir. Texniki təhlükəsizlik qaydalarına əməl etməyəndə, bu hadisələr baş verir”.

Dəm qazından zəhərlənmələr əsasən hamam otağında baş verir. O da qızdırıcı cihazların standartlara cavab verməməsi və ya düzgün quraşdırılmaması nəticəsində.

Eldəniz Vəliyev- “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi: ““Azəriqaz” İstehsalat Birliyinə təqdim olunan qaydalar onu deyir ki, “pitiminutka” axıcı deyilən su qızdırıcılarının vanna otaqlarına quraşdırılması qanunamüvafiq şəkildə qadağan edilir. “Pitiminutka” deyilən su qızdırıcısı dəm qazının yaranmasına münbit şərait yaradır. Abonentlərə texniki müayinələrin nəticəsi olaraq təqdim olunan aktlarda bu qızdırıcının da başqa bir alternativ su qızıdırıcısı ilə əvəz olunması tövsiyə olunur. Bunun da aradan qaldırılmasına görə abonentə 30 gün möhlət verilir”.

Adi bir səhlənkarlıq dəm qazı kabusundan həyatın itirilməsi ilə nəticələnə bilər. Bunun acısını yaşamamaq üçün tövsiyələrə əməl etmək vacibdir. 

Elnur Vahidoğlu