• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2313
— 29.12.2023 10:04

Gənc fotoqraf

Həyatın hər anını öz fotoaparatları ilə yadda saxlayan fotoqraflar bizə ən gözəl xatirələrimizin sonsuz yaddaşını, yeni şəkilləri bəxş edir. Ancaq bu peşənin sahiblərinin də işi elə asan olmur, deyəsən. Gəlin, işin detallarını gənc fotoqrafdan öyrənək.

Elsevər Ələsgərov– fotoqraf: “Evdə məni rəssamlığa yönləndirirdilər. Hətta 3 il rəssamlıq üzrə təhsil aldım. Ancaq təbiətin yaxud da ətrafımda maraqlı görünən hər bir şeyin şəklini çəkməyi xoşlayırdım. Daha sonra öz işinin mütəxəssislərindən bu sahə haqqında  təcrübə topladım və hazırda çox peşəkar sayılmasam da, öz işimi görürəm”.

Fotoqraflar tarixi anları yaddaşa həkk edənlərdir. Bu keçmiş xatirələri qorumaq, sahib çıxmaq və o sənəti gələcək nəslə çatdırmaq üçün də fotoqraflar əllərindən gələni edirlər. Müsahibin sözlərinə görə, fotoqrafiyanın da öz qolları var - məişət, jurnalist, incəsənət, texniki fotoqrafiya. Bunların hamısının özünün müəyyən çalarları var. Ancaq biz şəkil çəkdirəndə onun çətin tərəflərini görmürük. Ən yaxşı o işin mütəxəssisi bilər.

Elsevər Ələsgərov– fotoqraf: “Asan tərəfi sadəcə çəkməkdir. Ancaq çəkənə kimi gərək hər şeyə fikir verəsən. Duruşa, fona, rənglərin bir-birilə əlaqəsinə və s. Yəni bəzən deyirlər ki, sən neynirsən ki, sadəcə çəkirsən. Həqiqətən o yerə gələnə qədər yorulursan. Çünki şəkillər xatirədir, bir ömür bizlə qalır. Qoy sonra uşaq öz şəklinə baxa bilsin. Elə olur ki, valideynlər biz dediyimizlə razılaşmır. Amma bu uşaqdır, qeyri-adi heç nə edə bilməz. Son vaxtlar artıq valideynlər bizi başa düşürlər və təbii şəkillərin daha yaxşı alındığını deyirlər. Ən çox üstünlüyü də ona verirlər”.

Son vaxtlar artıq insanların müxtəlif dekorlarla studiyada şəkil çəkdirməyə marağı daha çox artıb. Hətta bunun üçün ən yaxşı fotoqraf axtarışında olurlar, bir neçə ay qabaqdan növbə götürürlər. Bu da hər şeydən öncə, keyfiyyətli iş görməkdən irəli gəlir ki, peşəni sevən hər kəs işini də yaxşı görər.

Elsevər Ələsgərov– fotoqraf: “Gənclər bəzən həqiqətən nə istədiklərini bilmirlər. Məsələn, elə olur ki, gəlirlər ki, mən də fotoqraf olmaq istəyirəm. Ancaq həqiqətən bu işin incəlikləri çoxdur. Gərək diqqətli və yaradıcı olasan. Onlar da çalışsınlar öz sevdikləri işi görsünlər”.

Lalə Bağırova