ABŞ-da Şükran günündən sonrakı ilk cümə günü təxminən 100 ildir ki, alış-veriş dövrünün başlanğıcı hesab edilir. 1932-ci ildə başlayan bu endirimli alış-veriş kampaniyaları zamanla bütün dünyaya yayılıb. Artıq bir neçə ildir ki, yalnız “qara cümə” günü deyil, onun daxil olduğu həftə ərzində də böyük endirimlər həyata keçirilir.
Alıcı: “Elə paltar almışam ki, 150 manatdan birdən düşüb 70 manata. Məsələn, tozsoran aldıq. 180 manatdan 90-a düşdü”.
Alıcı: “Yararlanmışam. Çanta almışam - 150-dən 70-ə düşmüşdü”.
Alıcı: “Şampun, kosmetika alıram. Həqiqətən endirimlər yaxşıdır. “Onlayn”da lap yaxşıdır”.
Alıcı: “Onun hamısı yalandır. İnanmıram”.
Fikirlərdən də göründüyü kimi, alıcılar arasında məmnun qalan da var, “qara cümə”ni yalan hesab edən də. Bunu, satıcılar tərəfindən alverin daha da yaxşılaşması üçün tələ hesab edənlər də az deyil. Bəs satıcılar necə?! Emma Tağıyeva- satıcı: “”Black friday” ilə bağlı mağazamızda endirimlər var- 20, 25, 30 faizə kimi endirimlərimiz mövcuddur. Ayın 26-na kimi davam edir. İstəyən müştərilər yaxınlaşıb, baxa bilərlər. Biz hər il bu kampaniyanı həyata keçiririk və müsbət qarşılanır”.
Fəridə Şükürlü- satıcı: “Mağazamızda endirimlər həmişə mövcud idi. İndi isə “black friday”ə görə daha çox endirimlərimiz var. 50 faizə kimidir. İstəyən hər kəs gəlib baxa bilər. Demək olar ki, məhsullarımız bitmək üzrədir”.
Müasir bazar şəraitində “qara cümə” endirimlərinin bir neçə məqsədi var. Mağaza var ki, “qara cümə"ni rəqibindən geri qalmamaq, mağaza da var ki, stokda qalan malı satmaq üçün edir. Bu sahədə olan bütün hiylələri isə ən yaxşı marketoloqlar izah edə bilər.
Vüsal Bayramov- mütəxəssis: “”Black friday”də mağazalar endirimlər tətbiq edir. 50, 60, 70 hətta 80 faiz də. Ancaq bu, o demək deyil ki, onlar öz məhsullarını zərərə, maya dəyərindən aşağıya satırlar. Təbii ki, bunu heç bir şirkət, heç bir mağaza eləməz. Onlar elə nöqtədə bunu uzlaşdırırlar ki, maya dəyərindən aşağı olmasın. Hansı ki, satılmayan məhsulları ola bilər ki, onları maya dəyəri qiymətinə qoya bilərlər. Onlar məhsulun satış tempinə uyğun olaraq onlara faiz tətbiq edir və 1 aya əldə edəcəyi 4-5 gündə qiymətləri aşağı salaraq əldə edirlər”.
Amma igidi öldürüb, haqqını yemək olmaz. Çünki, sözün həqiqi mənasında real endirim edənlər də var. Yəni 3-5 manat cibinə xeyir edəcək deyə, bir il qara cüməni gözləyib əyin-baş alanları düşünənlər. Amma elə, ya belə, fərq etməz... Bizim də çıxdığımız bazarlıqdan sizi agah etdik. Qərar vermək düşür tələbatına uyğun məhsul axtaranın üzərinə.
Aişə Rzayeva
- Baxış: 689