• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 20.11.2023 10:19

Tələbənin bir günü

Tələbə. Bu sözü eşidən hər kəsin üzündə fərqli gülüş yaranır və hər kəsin gözünün qabağına çətin günlər, yorğunluq, kəsrlər, eyni zamanda əyləncə, xoş münasibətlər və gözəl dostluqlar gəlir.  Tələbəlik illərini çalışdığımız qədər faydalı keçirməliyik. Gəlin, 1-ci kursların 1 günlük tələbəlik həyatı ilə tanış olaq. Tələbə adını qazanmaq məktəb vaxtlarında hər kəsin xəyalını qurduğu ən böyük arzusudur. Bu adı qazandıqdan sonra sanki həyatımızın yeni bir mərhələsinə başlamış kimi sevinirik. Əslində isə bu duyğuda həqiqət payı var. Çünki tələbə olmaq öz həyatının məsuliyyətini dərk etməkdir, böyüməkdir. Və bundan sonra artıq yeni başlanğıclara və yeni uğurlara doğru addımlamaqdır.

Aişə Sarıyeva- GDU-nun 1-ci kurs tələbəsi: “Mən bu gün bu universitetin qarşısında dayanmışamsa, deməli, ən böyük arzularımdan birini gerçəkləşdirmişəm.  Bir tələbə olaraq özümlə qürur duyuram. Və çoxsaylı arzularımdan birini gerçəkləşdirmişəmsə, deməli, potensialımın fərqindəyəm.Tələbəlik illərində özümüzü inkişaf etdirməliyik ki, gələcəyimiz daha parlaq olsun”.

Bu dövr çox fərqlidir. Artıq bir şəxsiyyət kimi formalaşır, gələcək üçün faydalı olmağa çalışırıq. Ancaq bunun üçün də tələbəlik illərini layiqincə maraqlı,əyləncəli və faydalı şəkildə dəyərləndirməliyik. Əgər ixtisasımızın peşəkarı olmaq istəyiriksə, təbii ki, bir tələbə kimi  öhdəliklərimizi dərk etməli, özümüzü daim inkişafa yönəltməliyik.

Emin Məsimov- GDU-nun 1-ci kurs tələbəsi: “Bu universitetdə, bu ixtisasda oxumaq mənim ən böyük xəyallarımdan biri idi. Və mən, artıq bu arzumu gerçəkləşdirmişəm. Çalışıram ki, daha ağıllı və məsuliyyətli tələbə olum. İlk vaxtlar müəyyən çətinliklər yaşayırdım. Ancaq sonra bu problemlərin öhdəsindən gəlməyi bacardım”.

Universitet gənclərin inkişafı üçün əla fürətdir ki, bu müəssisə daxilində özümüzü bir çox yöndən gələcəyə hazırlaya bilərik. İlk növbədə, universitetdaxili həmkarlar təşkilatı, tələbə elmi cəmiyyəti və tələbə gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar vasitəsilə gənclər öz dünya görüşünü, ünsiyyət bacarığını inkişaf etdirə bilər.

Emin Məsimov- GDU-nun 1-ci kurs tələbəsi: “Maraqlı tədbirlər və layihələr olur. Bu layihələr sayəsində tələbələrin maraqlı ideyalarını işıqlandırmağa çalışırıq”.

Bundan əlavə, universitet daxilində kitabxanalar fəaliyyət göstərir. Tanınmış yazarların, şairlərin əsərləri ilə tanış olub, mütaliə edə bilərik. Universitet həyatı, ən əsası, bizə dəyərli dostluqlar, qırılmaz bağlar bəxş  edir. Çalışdığımız qədər bizə göstərilən bu imkan və fürsətlərdən yararlanaq. Daim inkişafa yönələk. Atdığımız hər addımda uğur bizimlə olsun, əziz gənclər!

Fidan Qədimova

 

ƏTRAFLI...