• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 775
— 19.11.2023 20:36

Xalq təbabəti, yoxsa dərman preparatları?

KepezTV Player

Qarğıdalı saçağı, itburnu çiçəyi, yovşan, çayır, çobanyastığı və s. Bütün bunlar müxtəlif xəstəliklərin xalq təbabəti ilə, yəni təbii vasitələrlə müalicə üsulları sırasında yer alır. Günümüzdə bu cür müalicə metodlarından istifadə heç də az deyil. 

Müşkünaz Həsənova- satıcı: “Yay aylarından çox qış aylarında soyuqdəymə çoxalır, insanların immuniteti düşür, onlar da bu çiçəklərdən alırlar. Çox xeyirdir. Qış aylarında tələbat çox olur. Bizdən ən çox gülxətmi alırlar, sarı çiçək, rozmarin, çobanyastığı, qəfilotu, kəklikotu, boymadərən alırlar. Bunlar mədə-bağırsağa, soyuqdəyməyə çox xeyirdir”.

Əslində xalq təbabətində istifadə olunan bitkilərin tərkibində müalicəvi xüsusiyyətlər var. Amma mütəxəssislər deyir ki, müalicəvi bitkilərdən qədərində istifadə olunmalıdır. Əks halda qaş düzəldilən yerdə, göz çıxarmaq olar.  

Tükəzban Məmmədova- həkim: “Qış aylarında havaların soyuması, bəzi təbii ərzaq məhsullarının azalması ilə əlaqədar olaraq insanların vaxtlı-vaxtında özlərinə fikir verməməsi, nazik geyinməsi və qidalanmanın normal olmaması səbəbindən immunitet aşağı düşür və bunun nəticəsində bakteriyalar, viruslar, mikroblar bədənə tez daxil olur. Xalq təbabəti dedikdə zəncəfil, darçın, limon bunlardan məhlullar hazırlayırlar. Qədərində istifadə daha yaxşıdır”.

Alternativ tibbin bir parçası olan bu terapeyanın kökü xalq təbabətinə dayanır. Son dövrlərdə insanlarda xalq təbabətinə olan inamın artması bu sahənin xeyli təkmilləşməsinə də səbəb olub. Belə ki, artıq xüsusi dərman bitkilərindən hazırlanmış dərmanların satılması üçün apteklər də fəaliyyət göstərir. Lakin nə qədər təbii və tərkibi zənginləşdirilmiş olsa da həkimlər dərman preparatlarının daha təsirli olması qənaətindədirlər.  

Tükəzban Məmmədova- həkim: “İnsan orqanizmi zəiflədikdə immunitet aşağı düşür. İmmuniteti bərpa etmək üçün nəinki dərmanlardan bəzi xalq təbabətindən, dədə-babalarımızdan öyrəndiyimiz çaylar var ki, zəncəfilli, darçınlı, bunları da dəmləyib içdikdə immunitetin qalxmasına kömək edə bilər”.

Səhiyyənin bu qədər inkişaf etməsinə baxmayaraq, hələ də insanların el diliylə desək – Türkəçarəyə etibar etməsi təbiidir. Tərkibi nə qədər də zənginləşdirilmiş və təbii bitkilərdən olsa da şüuraltı təsir və bəlkə də nəticə xalq təbabəti metodlarından istifadəni hələ də aktual saxlayır. Hər halda istər kimyəvi tərkibli dərman vasitələri, istərsə də tibbi mənşəli bitki vasitələrinin istifadəsində həkim məsləhəti almaq vacibdir. Əks halda bunun əvəzini sağlamlığımızla ödəyərik.

Pərvin Abbaszadə