• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1237
— 17.11.2023 20:27

Hava şəraiti arıçılığa mənfi təsir edir

KepezTV Player

Noyabr ayı adətən ölkəmizdə arıların qışa hazırlanma dövrü kimi səciyyələnir. Lakin, bu il anomal hava şəraiti arıçıların işini bir qədər çətinə salıb. Normalda arıların qış yuxusunda olması yerinə aktivliyi müşahidə olunur. Hal-hazırda bəzi ağacların çiçək açması səbəbindən, arılar hələ də iş başındadır ki, bu da mövsümi məhsuldarlığı aşağı salır.

Əli Allahverdiyev- arıçı: “Bu zaman havanın temperaturu bir dərəcə olaraq 10 dərəcənin ətrafında olmalıdır. Amma indi hava 10 dərəcə fərqlidir, yəni 20 dərəcənin ətrafındadır. Bu da əlbəttə, arının işinə müəyyən qədər maneə olur. Arılar yatmaq əvəzinə, qışa hazırlaşmaq əvəzinə, işləməklə məşğuldurlar. Ətrafda da bu “yapon əzgili” bəzən deyirlər, bəzən başqa ad deyirlər, bu bitki intensiv çiçəkləyir. Arılar da çiçək tozu və nektar gətirirlər. Arılar çiçək tozu və nektar gətirdisə, yuvada ana yumurtlayacaqdır və havanın temperaturu da normal olduğuna görə, ananın yumurtlaması hazırki dövrdə lazım deyil”.

Uzun illərdir arıçılıqla məşğul olan Fizuli Verdiyevin də digər arıçılar kimi təsərrüfatında vəziyyət ürəkaçan deyil. Pətəklərini yaz dövründə çiçəkli məkanlara aparsa da, arılar intensiv yağışlar üzündən bal yığa bilməyib. İndi isə arıların qış yuxusu vaxtı belə aktivliyi onların kütləvi tələf olmasına da gətirib çıxarır.

Fizuli Verdiyev- arıçı: “Arılar yatmır, fəaliyyətdədirlər. Onlar çöldən çiçək tozu, nektar daşıyıb gətirir. “Yapon əzgili”, muşmulad deyilən bu bitkidir ki, bu bitki qış ayında çiçəkləmə dövrüdür və havalar belə keçdikdə bunun qoxusu, bunun nektarı, çiçək tozu arını özünə cəlb edir. Arını əsas öldürən arının bədənində olan sərfiyyatdır. Yəni o işləyir, bədəndən sərfiyyat gedir, arı qocalır, ömrü qısalır və ona görə də arı məhv olub, gedir”.

Qışdan sağ çıxan arı ailələrinin məhsulu bol olur. Vəziyyət belə davam edərsə, məhsuldarlıqdan söhbət gedə bilməz. Amma mütəxəssislər məhsul qıtlığının yaşanmaması üçün indidən arıçılarla bir araya gəlir, fikir mübadiləsi aparır, məsləhətləşir və problemin həll yolunu axtarırlar.

Samir Mahmudov- Arıçılıq Mərkəzinin direktoru: “Yaxşı olar ki, arıçılarımız dağılıq, dağətəyi bölgələrdə temperaturun daha aşağı həddə olan bir sahələrdə arıların qışlamasına üstünlük versinlər. Əgər iqlim şəraiti bu şəkildə davam edərsə arı nüfuzunun aşağı düşməsi ilə arıların yaz inkişafının daha aşağı səviyyədə, yəni nüfuzla davam etməsi səbəbindən məhsuldarlığa mənfi təsiri ilə yadda qala bilər”.

Builki mövsümün nəticələri arıçıları qane etməsə də, artıq qış mövsümünə hazırlıq başlayıb. Arı ailələrinin yemlənməsi, onların müalicəsi aparılır, gənə və bir sıra xəstəliklərə qarşı profilaktik tədbirlər görülür.

Pərvin Abbaszadə