• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2245
— 13.11.2023 20:15

Yeni sortun şəkərliliyi çuğundur əkininə marağı artıra bilər

KepezTV Player

Cari il şəkər çuğunduru Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Samux rayonunda yerləşən təcrübə sahəsində 1.5 hektar ərazidə becərilib. Şəkər çuğunduru sahəsində toxumçuluğun təşkili, innovativ becərmə texnologiyalarının tətbiq edilməsi üçün həyata keçirilən əkin bu sahənin daha da inkişaf etdirilməsinə hesablanıb. İnstitutun şəkər çuğundurunu becərməsinin əsas məqsədinə gəlincə...

Dilarə Marlamova- BMTBETİ-nin aqrotexnika və aqrokimya şöbəsinin müdiri: “Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda şəkər çuğundurunun becərilməsi Azərbaycanda yerli sortların yaradılmasına xidmət edir. Biz, bunun tədqiqatı ilə məşğul oluruq ki, özümüz şəkər çuğunduru sortu yaradaq və özümüzə lazım olan miqdarı təmin edə bilək”.

Hazırda vegetasiya dövrünün sonudur, bir neçə gün sonra məhsulun yığım prosesi yerinə yetiriləcək. Bu il becərilən “taltos” sortu məhsuldarlığı ilə seçilir və ərazidən hektar başına 70-80 sentner məhsul gözlənilir. Hələlik məhsul yığılmasa da, ilkin müşahidələr onu göstərir ki, bitkinin şəkərlilik səviyyəsi də ürəkaçan olacaq.

Dilarə Marlamova- BMTBETİ-nin aqrotexnika və aqrokimya şöbəsinin müdiri: “İyul ayında nəticə olaraq deyə bilərik ki, şəkərlilik faizi 13.8 olub. Hələ o zaman kütlə kiçik idi, sıxlaşma dövründə idi. Bu, onu göstərir ki, bu bitkinin şəkərliliyi daha yüksəkdir. Bilirsiniz ki, şəkər çuğunduruna verilən məbləğ onun şəkərlilik faizinə görədir. Şəkərlilik faizi 12 olanda 6 qəpikdən götürülürsə, 18 faiz olanda 9 qəpikdən götürülür”.

Qiymətdən söz düşmüşkən, gələn il şəkər çuğunduru əkən fermerlər üçün stimullaşdırıcı addım da atılacaq. Məhsul zavoda təhvil verilərkən 12 faiz şəkərliliyə malik bitkinin hər tonuna görə məbləğ artırılacaq. Bu səbəbdən yeni sort, fermerlər üçün də maraq doğurur.

Fərmayıl Qəhrəmanov- BMTBETİ-nin seleksiya şöbəsinin aparıcı elmi işçisi: “Zavod şəkər çuğundurunun 1 tonunu 65 manata qəbul edir. Bu, istər-istəməz bəzən iqlimlə əlaqədar aqrotexniki becərmələrdə müəyyən qədər fermerlər xəstəlik və zərərvericilərlə mübarizədə, suvarma suyu üçün artıq vəsait sərf edir. Bu da qiymətdə müəyyən qədər fərq yaradır. 2024-cü təsərrüfat ilində zavod qiyməti 4 manat, hər tonda qaldıraraq 69 manata qəbul edir. Bu da fermerlər üçün yüksək əhval-ruhiyyə yaradır”.

Bu il ölkə üzrə 4500 hektardan çox ərazidə şəkər çuğunduru əkilib. Gələn ildən hər tonu üçün əlavə ödəniləcək məbləğə görə becərilən sahələrin daha da genişlənməsi gözlənilir. Yeni sortların əkini isə həm məhsuldarlıq, həm məhsulun şəkərliliyi, həm də yerli istehsal hesabına tələbatın ödənilməsində mühüm rol oynaya bilər.

Orxan Cəfərzadə