• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1121
— 24.10.2023 11:55

"Ebru" sənəti

Düşündürməyən incəsənət, ruhsuz insan kimidir deyirlər. Ətrafımızda elə gənclər var ki, öz bacarıqlarını ruhları ilə birləşdirərək xariqələr yaradır. Onlardan biri də Ləman xanımdır ki, bu dəfə onun dünyası ilə yaxından tanış olacağıq.

Ləman xanım artıq bir neçə ildir ki, həm rəsmlə, həm də türk dünyasının ən incə sənətlərindən biri olan “Ebru” sənəti ilə məşğul olur. Bu sənət vizual olaraq insanın gözünü və ruhunu oxşayan rəngli bir sahədir. Ebru ilə bəzədilmiş qədim əşyaların və əlyazmaların tarixi məlum olsa da, onlar dəfələrlə yeniləndiyindən “Ebru” haqqında ətraflı məlumata rast gəlmək çətindir. Gəlin, indi müsahibimizin bu əsrarəngiz sənət haqda bildiklərini öyrənək.

Ləman Vəlizadə- rəssam: “Fars dilində “ebru”- su üzərində rəsm, türk dilində isə bulud kimi tərcümə olunur. Amma tarixə nəzər salsaq, türk mərmər kağızı adlandırılıb. “Ebru” sənətinin azərbaycanlıların yiyələndiyi dövrdən danışmaq istəyirəm ki, ondan sonra da biz “ebru” sənətinin “battal” növünü yaratdıq. Özlüyündə bu sənətin bir çox növ və kompozisiyaları var. Battal növünə gəldikdə isə, bu janr müharibədən sonra yaranıb”.

Ləman xanımın sözlərinə görə, suyun üzərinə sadəcə boyaları əlavə edərək iynə ilə bir neçə cızıq atırlar, amma rəsmə çox da müdaxilə etmirlər. Bu, “ebru”nun battal növü adlanır və həmçinin, içərisində çəkilən güllərə görə də o, bir neçə fərqli janrlara bölünür. Məsələn, lalə dövrü var ki, ora lalələrdən ibarət olan rəsmlər aid edilir. Bundan əlavə, qərənfil və başqa güllərin rəsmindən də bu sənətdə istifadə edilir. Ebru sənətinin qədimiliyi və gözəlliyi insanı, həqiqətən, məst edir. Getdikcə ona qarşı marağım daha da artır. İndi isə mütəxəssisimizdən “gözəl bir rəsm hazırlamaq üçün nə etməliyik?” - sualına cavab alaq.

Ləman Vəlizadə- rəssam: “Hazırlanma prosesində ən mühüm hissə altda açıq rənglərdən istifadə olunmasıdır, üstünə tünd rənglərdən iynə vasitəsilə toxunduraraq müxtəlif naxışlar çəkmək mümkündür. Hər dəfə iynəni toxundurduqdan sonra hər hansı bir kağızla çəkmək lazımdır ki, rəsm daha yaxşı alınsın. Həmçinin işlədiyiniz müstəvi möhkəm olmadır ki, əgər su tərpənsə, işlədiyiniz naxış pozula bilər. Kağızı bir tərəfdən salıb, yavaş- yavaş sürtərək qaldırırıq ki, bütün o kütlənin suyu qabda qalsın, sadəcə boyaları götürmüş olaq. Və bir gün içində də otaq temperaturunda qurutmaq lazımdır. Günəşə yaxud da istiyə qoymaq olmaz, boyalar təbii olduğuna görə, axa bilər”.

Necə deyərlər, sənət kainatın içindədir. Əsl sənətkar isə bunu çıxarmağı bacarandır. Və unutmayaq ki, sənət gerçəkliyi düşünə və görə bilən, cəmiyyəti anlaya bilən insanların işidir.

Lalə Bağırova

ƏTRAFLI...