• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1083
— 19.10.2023 19:56

Məhsul bol olsa da, yığım gecikir

KepezTV Player

Goranboyda pambıq yığımına sentyabrın ortalarından başlanılıb.  Birinci yığımı başa çatdırmaq mümkün olsa da, kombayınlarla ikinci yığım gecikmələrlə davam edir. Tarlalara 10-a yaxın kombayın, 25-ə yaxın qoşqulu traktor cəlb edilsə də, yığım əkin aparılan 1540 ha sahənin təxminən 348 ha-da tamamlanıb. Nəticədə 1057 ton pambıq tədarük edilib. Bu il Goranboy rayonunda əkilən pambığın sahələrdən üçdə bir hissəsi yığılıb. Lakin ötən ilin bu dövründə sahələrdə olan pambığın yarıdan çoxu yığılmışdı. Havanın qeyri-sabit keçməsi, yağışlı-küləkli olması yığımı gecikdirir.

Müşfiq Mustafayev- torpaq mülkiyyətçisi: “Keçən il 10 ha müqavilə bağlamışdım. Bu il bir az artırmışam və hazırda yığırıq. Havaların qeyri-sabit keçməsi yığımımızı gecikdirir. Yenə də öz qüvvəmizi əsirgəmirik. Pambığımızı davamlı olaraq yığıb, təhvil verəcəyik”.

Xumar Yunisova- Goranboy DAİM-in Bitkiçilik sektorunun baş məsləhətçisi: “Goranboy Dövlət Aqrar Mərkəzində pambıq yığımı ilə bağlı qərargah yaradılmışdır. Bu qərargahın fəaliyyət istiqamətlərindən biri gündəlik olaraq pambıq yığımına nəzarət edilməsidir. Havaların qeyri-sabit keçməsi pambıq yığımda gecikməyə səbəb olur. Goranboy Dövlət Aqrar Mərkəzində yaradılmış qərargah tərəfindən gündəlik olaraq nəzarət edilir”.

Goranboyda sahələrdən pambıq 3 tədarük məntəqəsi tərəfindən götürülür. Pambığın hər kiloqramına görə 80 qəpik məntəqə, 19 qəpik isə dövlət tərəfindən subsidiyalar verilir. Torpaq mülkiyyətçilərinin yığımda  qarşılaşdıqları problemdən tədarük məntəqəsinin rəsmiləri də xəbərdardırlar.

Anar Məmmədov- Pambıq tədarükü məntəqəsinin direktoru: “19 kənddə 181 fermerlə müqavilə bağlamışıq. Onlara lazımınca bütün aqrotexniki tədbirlər görülüb. Bu il havaların anormal keçməsi ilə əlaqədar olaraq, pambıq bitkisinin yerdən çıxışı da ləngidi. Şübhəsiz ki, yığım da yarım ay civarında ləngiyir. Keçən il bu vaxt daha irəli getmişdik”.

Sahib Xəlilov- aqronom: “Yazın erkən gəlməsi ilə əlaqədar yağışlı olması, soyuq olması ilə əlaqədar pambığın səpinində gecikməmiz yarandı. Pambığı vaxtlı-vaxtında dərmanlaya bilmədik, yığa bilmirik. Hava ilə əlaqədar - yağışlı külək olur. Bu da təsir edir”.

Goranboyda pambığın “Bəyaz altun”, “Karizma”, “Ramset” kimi  sortlardan istifadə edilir. Bu il rayonda orta məhsuldarlıq hektardan 28 sentnerdən artıqdır ki, bu da orta hesabla ötən illə müqayisədə 10 faiz yuxarı göstəricidir. Goranboyda noyabırın sonuna kimi pambığın sahələrdən yığımını başa çatdırmaq nəzərdə tutulur.

Elnur Vahidoğlu