• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1074
— 17.10.2023 08:49

Ermənistanın Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 3 il ötür

KepezTV Player

Vətən müharibəsi zamanı Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən 5-ci dəfə raket hücumuna məruz qalmasından üç il ötür. 2020-ci il oktyabrın 17-də gecə saat 1 radələrində düşmən cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb. Nəticədə 15 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var. Faktla bağlı cinayət işi başlanaraq istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. 44 günlük müharibə dövründə Ermənistan Gəncəni 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket və ağır artilleriyadan atəşə tutub, nəticədə 27 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.