• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1328
— 25.09.2023 20:02

Ekoloji Park Kompleksi ilin sonuna kimi hazır olacaq

KepezTV Player

Ölkəmizdə bir ilk olan və Gəncə şəhərində inşası davam etdirilən Ekoloji Park Kompleksində işlər artıq başa çatmaq üzrədir. Fərqli dizayn, yaşıl məkan və istirahət üçün yaradılan maksimum şərait buraya gələnlər üçün asudə vaxtı səmərəli keçirməyə imkan verəcək.

Qərb bölgəsində ilk dəfə olaraq Gəncədə Ekoloji Park Kompleksi yaradılıb. Gəncəçayın sağ sahilində layihələndirilən park 11 hektar ərazini əhatə edir. Hazırda kompleksdə son tamamlanma işləri görülür və Ekoloji parkın ilin sonuna kimi istifadəyə verilməsi nəzərdə tutulur.

Kompleks Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin Gülçülük sahəsində salınıb. Ərazidə tikilən 3 mərtəbəli oranjereya binası 22 metr hündürlükdədir. Parkın ərazisində əyləncə mərkəzləri, idman qurğuları və iaşə obyektləri olacaq. Burada istirahət guşələri də yaradılıb.

Zirəddin Hacıyev- MKTİB-nin texniki mühəndisi: “Ekoloji Park respublikada pilot layihədir. 2100 kvadratmetr tikinti sahəsidir. Tikinti obyektinin özündə nəzərdə tutulub - iaşə obyektləri, o cümlədən, ətrafda piknik sahələri, uşaqlar üçün, istirahət üçün əyləncə mərkəzləri, içəridə oranjereya dediyimiz yerdə çox nadir ağaclar, güllər əkiləcək. İçəridə iki dənə akvarium var ki, orda balıqlar saxlanılacaq. Bu da bizim Gəncə sakinləri üçün, qonaqlarımız üçün çox gözəldir”.

Ekoloji Park Kompleksinə gələnlər həmçinin burada, müxtəlif növ gül-çiçək, kol bitkiləri, eləcə də ağac tinglərinin yetişdirilməsi prosesi ilə də yaxından tanış ola biləcəklər.

Elmar Əzizov- MKTİB-nin Yaşıllaşdırma şöbəsinin rəisi: “Burada güllərdən-çiçəklərdən kompozisiyalar hazırlanacaq. Bundan başqa yaşıllıq zolağı olacaq. Gördüyünüz bu binanın içərisində isə botanik bağ olacaq. Burada stabil temperaturda yetişən bitkilər olacaq ki, bunlar da tərəfimizdən suptropik ölkələrdən gətiriləcək. Hal-hazırda çayın sol sahilində 540 ədəd sərv ağacları əkmişik. Bundan başqa kedr ağacları əkilib, arxa tərəfdə də lavanda bağı salınır”.

Hazırda Ekoloji parkın ərazisində yeni yollar çəkilib, avtomobillər üçün dayanacaq salınıb, işıqlandırma sistemi quraşdırılıb, müasir suvarma sistemləri ilə təchiz olunmuş istixanalar tikilib.

Aişə Rzayeva