• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 770
— 23.09.2023 20:11

"R" ilə başlayan balıq mövsümü

KepezTV Player

Deyirlər, hansı ayın adında “r” hərfi yoxdursa, o ayda balıq yemək olmaz. İnsanlar bu deyimə elə də ciddi yanaşmasa da, payızın başlaması ilə balıq mövsümü də başlayıb. Burada balığın təzə olmasına xüsusi diqqət edilməsi isə vacib olan məqamdır. 

Balıq satışı məntəqələrində canlanma var. Bunu payızın gəlişi, sentyabr adında "r" olması ilə izah edənlər bu məhsulun alışını artırıblar. Yüksək qida dəyərinə malik olan balıq digər protein məhsullarından özünəməxsusluğu ilə seçilir. Balıq ətinin tərkibində zülallar, yüngül həzm olunan yağlar, B qrup vitaminləri, az miqdarda C vitamini və faydalı bir çox mineral maddələr mövcuddur. Tərkibindəki vitamin və mineralların immun sisteminin güclənməsində rolu böyükdür. 

Namiq Mustafayev- mütəxəssis: “Gəncəbasar bölgəsində ən çox satılan balıqlar çay, çəki balıqlarıdır. Təssərüfatlarda yetişdirilən “Ağamur”dur. Onların indiki vaxtda yeyilməsi məsləhət görülür. Təssərüfatlarda “Naxa” balıqları yetişdirilir ki, yağlı olduqlarına görə onların bir qədər sonra hardasa noyabr-dekabr və sonrakı qış aylarında yeyilməsi məqsədəuyğundur. Təzə olduğunu bilmək üçün birinci balıqların qəlsəmələri qaldırılıb baxılmalıdır- qırmızı olmalıdır. Əgər solğun, ağımtıldırsa onların vaxtı müəyyən qədər keçmişdir. Müxtəlif hissələrinə, daha çox qarın hissəsinə barmaqla təsir edib baxmaqla əgər basılan yer tez geri qayıdırsa, deməli təzədir. Əgər batıq qalırsa, deməli vaxtı keçib, köhnədir”.

Balığın saxlanma temperaturu müxtəlif olduğundan hava isti olduqda bəzi balıqların yeyilməsi məsləhət görülmür. Hazırkı qiymətləri isə təxmini ötən ilki kimidir.

Sabit Sərdarov- satıcı: “Burdakılar “Taxta”, “Karp”, “Sudak”dır. Olanda “Sazan” da, “Belamur” da olur. Qiymətlər də belə ki, 1 manat, 3 manat, 5 mantdır. Ən çox iri balıqları alırlar”.

Adil Qocayev- alıcı: “Məsələn, alanda qulağına baxırıq. Köhnə balıq olanda bir az yumşaq olur. Çürünmə kimi olur, yeyəndə acı dadır. Onda yemirik. Amma tez-tez alırıq”.

Balıq alarkən sanitar-gigiyenik tələblərə cavab verməyən şəraitdə saxlanılan və satılan məhsullardan uzaq durmaqda fayda var. Belə balıqlar da insan orqanizmi üçün ciddi fəsadlar yarada bilər. Növündən asılı olmayaraq balıq, həmçinin balıq konservləri alarkən saxlanma şəraitinə və temperaturuna diqqət yetirilməlidir.

Amil Rəhimli- həkim: “Deyək ki, yeyəndə heç bir problem olmadı. Sonrasında şikayətlər əmələ gələrsə nəyə diqqət eləməlisiniz. Özəlliklə xəstələrin ən çox şikayət elədikləri - ürəkbulanmlar, qusmalar, təzyiq düşməsi, baş dönməsi olur xəstələrdə. Bəzi insanlarda qaşıntılar, səpkilər kimi şikayətlər də ola bilir. Hətta bəzən elə xəstələr də gəlir ki, balıq zəhərlənməsi deyil, balığı təmizləyərkən onun pulcuqlarından və ya yeyərkən qılçıqlarından problem yarana bilər. Məsələn, bir neçə dəfə qılçıq udub, yemək borusunu deşən xəstələrə rast gəlmişik. Və ya təmizləyəndə əlini kəsərkən balıqdan keçən infeksiya ilə rastlaşan xanımlar görürük. Bunlara diqqət etmək lazımdır. Özəlliklə bəzi valideynlərə sözümüz budur ki, uşaqlara balıq yedizdirirlərsə qılçıqlara diqqət eləsinlər”.

İlin isti vaхtlarında müvafiq şəraitdə təzə balığı mağazada 24 saat, soyuq vaхtlarda 48 saat saхlamaq olar.

Aişə Rzayeva