Antiterror tədbirlərinin başlanması və uğurla başa çatması nəticəsində Azərbaycan öz suverenliyini bərpa edib. Qanunsuz erməni silahlı birləşmələrinin mövqelərdən çıxarılma prosesinə start verilib. Bunu Prezident İlham Əliyev dünən xalqa müraciətində bildirib. Dövlət başçısı deyib ki, qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın şərtini qəbul edərək silahlarını təhvil verirlər.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Sual olunur. Bu vəziyyətə gətirib çıxarmaq kimə xeyir gətirdi? Axı, İkinci Qarabağ müharibəsindən dərhal sonra biz haqlı narahatlığımızı ifadə edərək dəfələrlə Ermənistan rəhbərliyinə, onların xaricdəki havadarlarına və digər tərəflərə dəfələrlə müraciət edərək deyirdik ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qalması qanunsuzdur və buna son qoyulmalıdır. Biz deyirdik ki, qanunsuz xunta rejimi öz əski parçasından artıq olmayan dırnaqarası bayraqlarını büküb cibinə qoyub çıxmalıdır bizim torpağımızdan. Bu, bizim suveren hüququmuzdur”.
Kriminal rejimin ünsürlərinin bəziləri artıq öz layiqli cəzasını alıb, bəziləri də alacaqlar. Prezident İlham Əliyev bildirdi ki, bütün kriminal Ermənistan rejiminin törətdiyi cinayətlərə baxmayaraq, Azərbaycan erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmayıb. Dövlət başçısı həmçinin bildirdi ki, bu gün Qarabağda yaşayan sadə insanlar üçün yeni tarixi bir şans yaradılıb. Və onlar bu şansı əldən verməməlidir.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz buna hazırıq və Azərbaycan xalqı bilir. Əminəm, erməni xalqı da bilir ki, mənim sözüm sözdür. Biz bunu təklif edirik və ümid edirəm ki, bizim təklifimiz qəbul ediləcək. Çünki bu, məntiqə, tarixi ədalətə, beynəlxalq hüquqa və gələcək inkişafa əsaslanan və gələcək inkişafa hesablanan təklifdir”.
Prezident Qarabağda yaşayan erməni əhalisinin tezliklə yaxşılığa doğru dönüşü görəcəklərinə əmin olduğunu da bildirdi.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Mən bunu demişəm, bir daha demək istəyirəm, Qarabağdakı erməni əhalisi bizim vətəndaşlarımızdır. Erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası “rəhbərləri” o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir”.
1 gün davam edən antiterror tədbirləri yüksək peşəkarlıqla, elə dəqiqliklə aparıldı ki, mülki əhali zərbə altına düşmədi, mülki infrastruktura zərər vurulmadı. Ancaq düşmən mövqeləri, onların silahları, texnikaları məhv edildi. Dövlət başçısı bölgədə yeni vəziyyətin yaranmasının labüd olduğunu diqqətə çatdırdı.
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Biz həm yüksək dəqiqliyə malik olan silahlardan istifadə edərək buna nail olduq, eyni zamanda, Silahlı Qüvvələrimizin peşəkarlığı nəticəsində mülki vətəndaşlar tamamilə özlərini sığortalanmış vəziyyətdə hiss etmişlər. Eyni zamanda, göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır”.
Dövlət başçısı Azərbaycanın daxili işinə qarışmaq niyyətində olan dövlətlərə də səsləndi. Qeyd etdi ki, heç kim Azərbaycanla diktat və ultimatum dili ilə danışa bilməz!
İlham Əliyev- Azərbaycan Respublikasının Prezidenti: “Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyi güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər bizdən əl çəksinlər. Yetər artıq! Biz bunu tələb edirik. Onu da bildirməliyəm, bizə xor baxanlar, torpağımıza göz tikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq!”
Prezident İlham Əliyev Ermənistanın son 2 gün ərzində sərgilədiyi mövqenin ümidlər verdiyini dedi. Dövlət başçısı Azərbaycanın və Ermənistanın öz aralarında olan məsələləri tənzimləyəcəyi, sülh müqaviləsi imzalayacağı və Cənubi Qafqaz ölkələrinin üçtərəfli formatda gələcək əməkdaşlıq haqqında işləməyə başlayacaqları günün uzaqda olmadığına ümidvar olduğunu vurğuladı.
Vüsalə Cənnətova
- Baxış: 168