• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 924
— 07.09.2023 12:12

Süni zəkanın əmək bazarına təsiri

BMT-nin tərkibinə daxil olan Beynəlxalq Əmək Təşkilatı (BƏT) insanların süni zəka səbəbilə iş yerlərini itirə biləcəkləri ilə bağlı olan aktual mövzunu əhatə edən tədqiqatın nəticələrini təqdim edib. ChatGPT tərzində olan generativ süni zəka sistemlərinin gündən-günə məşhurlaşması bir çox insan arasında iş yerlərinin itirilməsi narahatçılığını yaradır. Belə ki, əmək bazarında süni zəkanın insanı əvəz edə biləcəyi müəyyən peşələr artıq mövcuddur. Lakin BƏT keçən əsrdə baş vermiş oxşar halı misal gətirərək panikaya düşməməyi məsləhət görüb.

1900-cü illərin əvvəllərində istehsalatda avtomatlaşdırılmış istehsalat xətləri və əsrin ortalarında meynfreymlər istifadəyə verilmişdi. BƏT-in hesabatında qeyd edilib ki, həmin illərdə olduğu kimi indi də iş yerləri sadəcə olaraq qismən avtomatlaşdırılacaq və çox güman ki, süni zəka vasitəsilə tamamlanacaq. Təşkilat həmçinin mövcud iş yerlərinin genişləndirilməsi və süni zəka vasitəsilə yarana biləcək yeni iş yerləri ehtimalını da analiz edib. Hesabata əsasən yüksək əmək maaşına sahib ölkələrin vətəndaşlarının 13%-i yeni texnologiyalardan mənfəət qazana biləcək.

Daha az inkişaf etmiş ölkələrdəki vətəndaşlar arasında isə bu göstərici 10% təşkil edəcək. Bununla belə süni zəka ilə əvəzlənmə riskinə daxil olan peşələr də mövcuddur. Bu cür peşələr arasında ən böyük riskə ofis inzibati işləri sahibdirlər. Belə ki, bu cür iş proseslərinin 1/4 hissəsi avtomatlaşdırıla bilər. BƏT-in hesabatında qeyd edilib ki, süni zəkanın əmək bazarına təsiri mövzusunda qadınlar kişilərdən daha çox zərər çəkə bilərlər. Belə ki, dünyada çalışan bütün qadınların 3.7%-i potensial olaraq generativ neyron şəbəkələri ilə əvəzlənə bilər. Kişilərdə isə bu göstərici 1.4% təşkil edir.