• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 766
— 13.02.2023 20:10

Qərbi azərbaycanlı ailə Göyçə xəyalı ilə yaşayır

KepezTV Player

Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarından deportasiya olunduqdan sonra ölkənin dörd bir yanında məskunlaşdılar. Göyçə, Zəngəzur və digər qədim Azərbaycan ərazilərindən didərgin düşərək, Tovuza da pənah gətirən xeyli sayda soydaşlarımız olub. Hunanlar kəndi demək olar ki, qərbi azərbaycanlıların kompakt şəkildə yaşadıqları yerdir. Bu dəfə sözügedən kənddə vətən həsrəti çəkən Cəfərovlar ailəsinin qonağı olmuşuq.

Ailənin üzvləri ötən əsrin 80-ci illərində Göyçə mahalından qaçqın düşüblər. Göysu kəndində anadan olan Fərmayıl Cəfərovun sözlərinə görə, onlar deportasiyadan sonra əvvəlcə Gədəbəy rayonu Slavyanka, daha sonra Tovuz rayonu Xatınlı, sonuncu dəfə isə hazırda yaşadıqları Hunanlar kəndində məskunlaşdırılıblar. Orta məktəbdə biologiya müəllimi işləyən ziyalı çox ağır günlər keçirdiklərini, amma sonradan dövlətin dəstəyi sayəsində həyata tutunduqlarını ifadə edib. Fərmayıl müəllim ermənilərin azərbaycanlılara qarşı sonuncu deportasiyası zamanı- 1988-ci il noyabr ayında ailəsi ilə birgə Göyçədən didərgin düşüb.

Ailənin başçısı doğulub boya-başa çatdığı Göyçədən bəhs edərkən orada yaşadıqları anların, adət-ənənələrin gözünün önündə canlandığını və əbədi olaraq yaddaşına həkk olunduğu deyib.

35 ilə yaxındır doğma tarpaqlarından ayrı düşən bütün qərbi azərbaycanlılar kimi Cəfərovlar ailəsi də Qərbi Azərbaycan həsrəti ilə yaşayırlar. Qarabağın azadlığından sonra onların da yaxın gələcəkdə doğma Zəngəzura, Göyçəyə qovuşacağı ümidi artıb. 

Fərmayıl Cəfərovun həyat yoldaşı İlhamə Ələsgərova isə Göyçənin Bala Məzrə kəndindədir. Deportasiya zamanı cəmi 5 yaşı olan ailənin xanımı anadan olduğu yerləri çox xatırlamasa da, valideynlərinin dediklərindən ora haqda təsəvvürü formalaşıb və anadan olduğu Göyçənin xəyalını qurur.

Doğma torpaqlarına qayıtmaq arzusunda olan ailənin ən böyük istəyi 3 övladı və nəvələrinin də onlarla birlikdə ata-baba yurdlarına dönməsi, Göyçəni görmələridir. Həmin tarixin isə çox da uzaqda olmadığına tam əmindirlər.

Orxan Cəfərzadə