• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1873
— 08.04.2022 20:11

Prezident İlham Əliyev: "Qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq"

KepezTV Player

"Cəmi 44 gün ərzində böyük tarixi Qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq bizi Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı". Bu fikirləri Prezident İlham Əliyev Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşdə səsləndirib. Azərbaycan idmançılarının nailiyyətlərini yüksək qiymətləndirən dövlət başçısı gələcək yarışlarda, iki il sonra keçiriləcək Yay Olimpiya Oyunlarında da təmsilçilərimizin öz gücünü göstərəcəyinə əminliyini ifadə edib. "Bir məsələ də var ki, artıq biz bu qələbələrə öyrəşirik və necə deyərlər, bu yüksək nəticələri saxlamaq çətin olacaq. İdmanda hər şey ola bilər - məğlubiyyət də, qələbə də. Ancaq əminəm, gələcək yarışlarda nəticələrə baxmayaraq əsas odur ki, idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etsinlər, necə ki, bu günə qədər ləyaqətlə təmsil edirlər", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti:Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə. Misal üçün, biz indi bunu futbol yarışlarında da gördük. Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik. İdman yarışlarında, yəni, feyr-pley anlayışı unudulmamalıdır və Azərbaycan idmançıları bu prinsiplərə həmişə əməl etməlidirlər. Çünki bu, qələbədən də vacibdir. Çünki bilirsiniz, qələbə, əlbəttə, hər bir idmançı üçün çox önəmlidir, onun həyatında, necə deyərlər, böyük iz buraxır. Ancaq qələbədən daha vacib ləyaqətdir və biz müharibəni ləyaqətlə aparmışıq. Bu gün bütün dünya bir daha xalqımızın böyüklüyünü görür, hər şey göz qabağındadır. İdmanda da elə olmalıdır, elədir və bu halal qələbəni siz öz istedadınız, zəhmətiniz hesabına qazanmısınız və eyni zamanda, bir daha xalqımızın böyüklüyünü göstərmisiniz. Həm qələbə münasibətilə, həm ləyaqətli davranış münasibətilə sizi təbrik edirəm. Əlbəttə ki, biz hamımız, bütün Azərbaycan xalqı sizdən yeni qələbələr gözləyir.