• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1533
— 19.01.2021 19:45

Prezident İlham Əliyev TDƏŞ Baş katibini videoformatda qəbul edib

KepezTV Player

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi videoformatda qəbul edib. Türk Şurasının müharibə dövründə Azərbaycanı hamıdan çox dəstəkləyən təşkilat olduğuna diqqət çəkən dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatının da dəstəyini vurğulayıb, çətin vaxtda mənəvi-siyasi dəstəyin xalqımız üçün, habelə baş verənlər barədə həqiqəti bütün dünyanın daha çox bilməsi üçün vacibliyinə toxunub. Prezident İlham Əliyevin sözlərinə görə, qələbəmizin nəticələrindən biri o oldu ki, bu gün artıq 1990-cı illərin əvvəlində müharibəyə nəyin səbəb olması, işğalın nəticələrinin nədən ibarət olması barədə heç kəsin şübhəsi yoxdur.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Buna görə də həm beynəlxalq hüquq, həm Qarabağın Azərbaycana mənsub olması barədə tarixi həqiqət, həm də bu gün beynəlxalq kütləvi informasiya vasitələrinin, beynəlxalq təşkilatların əyani şəkildə gördükləri bizim haqlı olduğumuzu bir daha sübut edir. Biz 30 il ərzində bunu sübut edirdik və son nəticədə döyüş meydanında işğalçıları müqəddəs torpaqlarımızdan qovaraq silah gücünə bunu sübut etdik. Sizə bir daha dərin təşəkkürümü bildirirəm. Azad edilmiş ərazilərin qardaş ölkələrlə birlikdə bərpa olunması dövründə fəal qarşılıqlı əlaqələrimizə ümid edirəm. Mən artıq demişəm ki, ilk növbədə və təkcə ilk növbədə deyil, ümumiyyətlə, yalnız dost ölkələrdən olan şirkətləri cəlb edəcəyik. Dünyada belə ölkələr çoxdur, lakin onların arasında elə ölkələr var ki, müharibə dövründə və müharibədən sonrakı dövrdə Azərbaycanı fəal dəstəkləyiblər. Buna görə də fikrimcə, əlbəttə, bu mövzu Türk Şurası çərçivəsində müzakirə ediləcək. Biz baş verənləri təhlil edəcəyik və gələcək üçün planlar quracağıq. Lakin artıq əminliklə deyə bilərəm ki, ərazilərin bərpası prosesi də bizə qardaş olan ölkələr tərəfindən dəstəklənəcək.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası üzvlərinin işğaldan azad olunan torpaqlara səfər etməsinə toxunan Azərbaycan Prezidenti işğalçı qüvvələrin şəhərlərimizi viran qoymasına diqqət çəkib. Dövlət başçısı vaxtilə Qarabağın çiçəklənən, on minlərlə insanın yaşadığı Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayılın tamamilə dağıdıldığını, xarici jurnalistlərin Ağdamı “Qafqazın Xirosiması” adlandırmasının təsadüfi olmadığını deyib.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Bütün bu dağıntılar Birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar. Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev isə qeyd edib ki, azad olunmuş ərazilərdə mədəni abidələrin bərpasında iştirakın mümkünlüyü müzakirə olunub və tezliklə müvafiq iş aparılacaq, görüşlər keçiriləcək. Bu abidələrin bərpasında Azərbaycanla birlikdə iştirak müzakirə olunacaq. Amreyev Bakı Sammiti zamanı Prezident İlham Əliyevin göstərişinə əsasən, 2020-2025-ci illər üçün türk strategiyasının və 2020-2040-cı illər üçün türk dünyası barədə təsəvvürləri əks etdirən sənədin artıq hazır olduğunu diqqətə çatdırıb. Bu sənədin türk dünyasının gələcəyini, əməkdaşlığı, siyasət, iqtisadiyyat, mədəniyyət, təhsil, turizm, gənclər və başqa sahələrdə inteqrasiyanı əks etdirdiyini vurğulayıb. Baş katib Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa ilə bağlı təklif də irəli sürüb.

Bağdad Amreyev - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi: Biz hər il türk dünyasının mədəni paytaxtını elan edirik. 2022-ci ildə Şuşanın belə paytaxt elan olunmasını və mədəni xarakterli çoxlu tədbirlər keçirilməsini təklif edirik. Bu tədbirlər Şuşanın bütün türk və İslam dünyası üçün böyük mədəni əhəmiyyətini vurğulayar. Dünən biz bu məsələni xarici işlər naziri cənab Bayramovla da müzakirə etdik. Siz icazə versəniz, biz bu işə başlayarıq, 2022-ci ildə Şuşada 20-yə yaxın mədəni tədbir keçirərik. Əminik ki, o vaxta qədər Şuşa bərpa olunacaq, öz əvvəlki simasını alacaq. Biz həmişə Sizin yanınızda olmuşuq və həmişə Sizin yanınızda olacağıq.