• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1019
— 09.06.2020 20:04

Çörək qorxusu israfçılıq yaratmamalıdır

KepezTV Player

Brifinqdə həmçinin diqqətə çatdırılıb ki, çörək təminatında keçən həftə problem olmayıb. İyunun 15-i günorta saat 4-dən çörək istehsalı müəssisələrinin fəaliyyətinə icazə veriləcək. Bu, iyulun 16-da səhərdən vətəndaşların çörəklə təmin edilməsinə imkan yaradacaq. Bəli, çörək demək olar ki, bizim millətin qida rasionunda əvəzsiz gündəlik istehlak məhsuludur. Gündəlik....Səhər də, günorta da, axşam da nə yeməyimizdən asılı olmayaraq bu çörəkdən istifadə etməyi sevirik biz. Amma çörəyin alınıb, ya da evdə bişirilməyindən asılı olmayaraq onu tələbata da uyğunlaşdırırıq. Yəni ailə üzvlərinin sayına. Lakin ötən həftə sonu bəzi marketlərdə müşahidə olunanaların, bu həftənin əvvəlində yaratdığı mənzərə açığı bəlkə də deməyə söz tapa bilməyəcəyimiz qədər çörəyə münasibəti ortaya qoymuş oldu. Hansı ki, ona and içirik, müqəddəs və günah sayırıq. Qısası, nə demək istədiyimiz barədə Valeh Anaroğlu davamını gətirəcək.

Çörək nemətdir, çörək bərəkətdir. Ötən həftə Azərbaycanda sərtləşdirilmiş karantin rejimi tətbiq olundu və insanlar evdə qaldı. Ancaq məsələ burasındadır ki, bəzi insanlar üz tutdular supermarketlərə, çörək sexlərinə. Həddindən artıq məhsul istehlak etdilər. Bunun da əyani göstəricisidir ki, artıq istehlak olunan məhsullar israfa gətirib çıxardı və gördüyünüz bu acınacaqlı mənzərə yaşandı. Bəli, bu bizim hörmət etdiyimiz, Azərbaycan xalqının illərdir öpüb alnına qoyduğu çörək artıq digər tullantılarla bərabər sırada dayanıb.

Çörək son günlərin ən çox müzakirə olunan mövzularından biridir. Nə qiyməti, nə keyfiyyəti, nə də çəkisi baxımından. Sırf tələbatı nöqteyi nəzərindən. Yəni biz o qədrmi çörəyin acıyıq, yəni o qədrmi çörəyin əvəzedicilərindən istifadə imkanlarımız kasaddır. Ötən həftənin iki günü bəz bunun əyani şahidi olduq. Düzdür tələbat varsa da istehlak da olunmalıdır, ancaq israf əsla. Yəni marketlərə üz tutmaqla mütləq idimi çörək üstündə az qala dava həddinə çatan mənzərə. Yəni iki gün ərzində tutaq ki, elə çörək yoxdur, qarabaşaq, makaron, düyüdən yeməklər bişirmək olardı axı.

Əşrəf Abdullayev sakin: Düzgün hərəkət etmirlər də. Çörək qurandır. Yeyənmirsənsə niyə alırsan? Öz normana görə al də. Onu zibilə atmaqmı olar? Gözünü tökər axı çörək.

Əziz Quliyev sakin: Nə olursa olsun, ancaq çörəyimiz hər zaman olsun. Düzdür, düşünülməmiş hərəkətdir, düşünürlər ki bəlkə 3 gün də artıq bağlı qaldı. Ona görə də çörəyi çox istehlak edirlər. Bu çörək nemətdir axı. Görəndə ki, çörək yerdədir, götürüb gözünün üstünə qoyursan ki, bu müqəddəs nemətdir.

Həsrət Həsənov sakin:Çörəklə heç zaman oynamaq olmaz. Çörək yediyimiz nemətdir. Onu tullamaq olmaz. Yemək lazımdır. Nə qədər lazımdırsa, o qədər almaq lazımdır. Artıq da alıb atmaq olmaz heç vaxt. Mən pis günü də görmüşəm, yaxşı günü də görmüşəm. Elə olub ki, növbələrdə olmuşuq. Səhər tezdən neçə saatlarla gözləmişik. O bizim nemətimizdir.

Zahid Usubov sakin: Elə növbəyə durmuşdular, elə alırdılar ki, elə bil müharibədir. Ertəsi gün də gətirib, zibil qabına atdılar. Mən elə insanlara yaxşı baxmıram. Çünki çörək müqəddəsdir. Çörəyi atmazlar. Zibil qabının yanına qoymazlar. Bir-gün iki gün qadağa var, bir-iki çörəyi artıq al. Çoxlu alıb sonra da gətirib zibil qabına atmaq günahdır.

Amma yox. Niyə qonşudan geri qalım prinsipinə uyğun olaraq qoy mən də artıq çörək alım. Yeyilər-yeyilər, yeyilməz də yeyilməz də deyib sonra da onu zibilə atmaq. Mənzərənin yaratdığı ikrah hissi. Hansı ki, sərt karantin rejiminin aradan qaldırıldığı gün Gəncənin əksər zibil tutumlarınını ətrafında hökm sürən vəziyyət elə təmizlik işlərini də heyrətləndirmişdi.

Hamlet Həsənov MKTİB-nin Təmizlik şöbəsinin müdir müavini: 25 texnika, 75 nəfər canlı işçi qüvvəsi karantin rejimi dövründə çalışdıq. İndi insanlar mağazadan çoxlu çörək istehlak etdilər. Yeyə bildilərmi-bilmədilərmi bilmirəm. Gördük ki, tullantı qablarının yanında çoxlu çörək və çörək qırıntıları var.

Eşqin Hüseynov təmizlik işçisi: Təəsüflər olsun ki, çörəyimizi zibilə atırlar. İnsanlardan çox-çox xahiş edirik ki, bu məsələdə diqqətli olsunlar. Riayət etsinlər. Ən azı kənara qoysunlar. Ümumiyyətlə atılmasa daha yaxşı olar. Biz bu xoş olmayan təsadüflərlə çox tez-tez rastlaşırıq.

Vaqif Tağıyev təmizlik işçisi: Ən çox çörəyi atırlar, tullantıların içinə qatıblar. Elə tullantılarla birlikdə gedir, görmürük bəzən. Görəndə kənara qoyuruq. Görməyəndə qarışır. Çörəyi çox alıb israf etməsinlər. Ona görə ki, çörək müqəddəsdir. Çox-çox xahiş edirik çörəyə hörmət etsinlər.

Ötən həftənin cümə günü çörəklə bağlı müraciətlər çox olduğundan, istehsalın tələbata uyğun olaraq ikiqat artırdığını satıcılar da etiraf edir. Amma təəccüblərini də gizlətməyiblər. Axı indiyədək bəlkə çörəklə bağlı belə növbələr görmədikləri üçün.

Ruzigar Hacıyev satıcı: İnsanlar toplu şəkildə gəldilər. Saat 8-dən düz saat 11-ə kimi işlədik. Günorta saatlarında bizim çörəyimiz artıq bitmişdi. 10 çörək alan var idi, 15 çörək alan var idi, hətta 20 çörək alan da var idi. Özümüz də məəttəl qaldıq ki, insanlar bu qədər çörəyi neyniyir. Gülməli gəldi ki, 15 çörəyi bu insanlar 2 gün ərzində necə yeyəcək. Çoxları dedi ki, Siz verin. Nə işinizə qalıb.

Vəzifə Hüseynova satıcı: İnsanlar gəldilər, axın çox oldu. Dedik görəsən niyə belədir, nəyə görədir. 5, 10, 15, 20 ədəd çörək alanlar oldu. Satış etdik. Çörək bərəkətdir. Nemətdir. Atmaq olmaz. Artıqdırsa, ver kasıbın birinə yesin.

Gündəlik çörək miqdarı insanın fiziki fəaliyyətindən, yaşından, cinsindən və sağlamlıq vəziyyətindən asılıdır. Tamahına güc gələ bilməyənlər, sağlamlığını düşünməyin qida rasionunun çörəklə təmin edənlər də var. Hansı ki, bu səbəbdən, müəyyən xəstəliklərə düçar olmaq şansı əldə edirlər.

Elnarə Yunis dietoloq:Ümumiyyətlə çörəkdən imtina etmək düzgün deyil. Çörək gündəlik rasionumuzda istifadə olunmalıdır. Amma bu kilodan asılı olaraq dəyişir. Nəzərə alsaq ki, şənbə və bazar günləri, biz 2 gün evdəyik. Adambaşı bir çörək kifayət edir. Artıq çörək yeyəriksə, bu bizdə piylənməyə, həm qadınlarda, həm kişilərdə abdaminal piylənməyə səbəb ola bilər. Həmçinin həzm prosesinə, mədə-bağırsaq traktında köpə, ağırlığın yaranmasına gətirib çıxara bilər. Yəni bu çörəyi aşırı dərəcədən istifadə nəticəsində əmələ gəlir.

Əfsuslar olsun ki, anlaqlı ya da biixtiyar formada hərəkətlər xoşagəlməz hallar yaşadır. Bu, dəyərlər sisteminin, dövlətin problemi deyil, sadəcə olaraq insanların şüuraltı olaraq ehtiyaclarından yaranan hadisədir. Amma xoş olmayan nəticələrə gətirib çıxardığından çalışaq ki, həm özümüzü, həm cəmiyyətimizi, həm də sağlamlığımızı qoruyaq.

Valeh Anaroğlu