• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1314
— 27.02.2017 19:58

Gəncənin Xan çinarları baxımsızlıqdan əziyyət çəkir

KepezTV Player

Çinar şəhəri adlandırılan Gəncədə elə ağaclar var ki, onlar bilərək və ya bilməyərəkdən necə gəldi mühafizə olunur. Daha doğrusu gövdə hissələrində oyuqlar əmələ gələn çinarlar ya hörülür, ya da dəmir vərəqlərlə örtülür. Bu yolla ağac yad təsirlərdən qorunmuş sayılsa da ömrünü vaxtından əvvəl başa vurması ilə nəticələnə bilər.

Zaur Həsənov- professor: “Başa düşən də, düşməyən də siqareti çəkib atırlar ora, ya xəzəli, ya da zibili yığırlar ora, zibil qabı kimi istifadə edirlər. Od da düşən kimi alışır, yanır. Neçə belə hal olub ki, çinar ağacı kökündən yanıb. Bu da ağaca mənfi təsir göstərib”.

Söhbət Gəncənin park və xiyabanlarını, küçə və prospektlərini, eləcə də yaşayış massivlərini bəzəyən Xan çinarlarından gedir. Uzun ömürlülüyü, davamlılığı və bol oksigeni ilə seçilən çinar ağacları bu gün bəzi hallarda baxımsızlıqdan əziyyət çəkir. Burada söhbət ağacların suvarılmasından və budanılmasından tutmuş, yaşlı çinarların çürümüş gövdələrinin oyuq hissələrinin kim gəldi, necə gəldi bağlanmasından gedir. 

Mütəxəssislərin fikirincə qədim çinarların gövdə hissəsində yaranan bu kimi oyuqları yalnız və yalnız yan təsirlərdən qorumaq üçün hörülməlidir, kərpicdən və ya çay daşından istifadə olunmaqla. Ancaq şəhərin Gəncəvi küçəsində təxminən 2 əsrə yaxın yaşı olan çinarda apardığımız müşahidə zamanı görmək olar ki, ərazidə yaşayan sakinlər tərəfindən oyuğun qarşısının alınması üçün xüsusi dəmirlərdən istifadə olunub. Dəmir ağaca mıxlanıb ki, bu da çinara zərər verməkdən başqa bir şey deyil.


Zaur Həsənov- professor: “Ağaclara işgəncə vermək olmaz bu qadağandır. Canlı orqanizmdir, ona vurulan mismarlar, lövhələr ağacın müxtəlif hissələrində fəsadlar törədir”.


Mühafizə işlərinin fərdi şəkildə sadə vətəndaşlar tərəfindən aparılması təbii ki, ağaca zərərsiz ötüşmür. Elə şəhər sakinləri də bu işin kor-təbii aparılmasının tərəfdarı olmasa da qorunması baxımından müsbət qarşılayır.  

Rövşən Həsənov- şəhər sakini: “O gövdələri hörmək lazımdır ki, ağacın içinə heç bir şey daxil ola bilməsin. Dəfələrlə uşaq əlində spiçka gövdəni yandırıb. Yanğınsöndürənə kimi gəlib”.

Füzuli İsmayılov- şəhər sakini: “Gəncə əzəldən çinarlar şəhəri kimi ad çıxarıb. Ancaq baxımsızlıqdan bu ağacların çox hissəsi çürüyüb, tökülür”.

Yaşı 1 əsrdən artıq olan 200-ə yaxın belə çinar ağaclarının mühafizəsinin təşkili üçün onlar pasportlaşdırılıb. 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsindən verilən məlumata görə, qeydiyyatı aparılan ağaclar barədə lazımi orqanlara məlumatlar verilib.

Qalib Quliyev- 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsini sektor müdiri: “Qırmızı kitaba düşdüyünə görə, yaşı 100-dən artıq olduğu üçün təbiət abidələri sayılır. Həmin ağacların mühafizəsi təmin olunmalıdır”.

Şərq çinarının qorunması işlərini isə hüquqi baxımdan 10 saylı Ekologiya və Təbii Sərvətlər Şöbəsi, digər mühafizə tədbirlərini isə şəhər bələdiyyəsi və yaşıllaşdırma idarəsi aparmalıdır. Şəhər Yaşıllaşdırma İdarəsindən ağaclara yalnız aqrotexniki qulluq göstərildiyi açıqlanıb. Şəhərdəki bələdiyyələr tərəfindən isə ərazi bölgüsü ilə bağlı işlər yekunlaşmadığından ağacların da mühafizəsinin kim tərəfindən aparıldığı açıq olaraq qalır.   

Xaliq Qurbanlı