• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1038
— 18.02.2017 15:14

Şəmkirin kəndlərində elektrik təsərrüfatı yenilənir

KepezTV Player

Hava şəraitindən asılı olmayaraq əhalini fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz etmək üçün “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti regionlarda yenidənqurma işlərini davam etdirir. Tədbirlər çərçivəsində Şəmkir rayonunda elektrik təsərrüfatının yenidən qurulması sakinlər tərəfindən böyük razılıqla qarşılanır.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 35-10 kilovatlıq  “Şəmkir-2” yarımstansiyasının quraşdırılmasına başlayıb. Bu məqsəd ilə Dəllər yarımstansiyasından yeni 35 kilovatlıq xəttin çəkilişi aparılıb. Görülən işlər çərçivəsində Əliyaqublu kəndində müxtəlif gücə malik 700-ə yaxın yeni dayaq basdırılıb, 15 kilometr sip kabel çəkilib. Müxtəlif ərazilərdə 7 ədəd yeni güc transformatoru quraşdırılıb. Soyuq qış aylarında elektrik enerjisi sarıdan müəyyən çətinliklərlə üzləşən abonentlər yenidənqurma işlərini minnətdarlıqla qarşılayıblar.

Eyvaz Quliyev- sakin: “Əvvəllər işıqlarımız tez-tez sönürdü. İndi isə işıqlarımız daimi yanır. Allah canlarını sağ etsin. Yollarımız düzəlib, suyumuz, qazımız, işığımız əladır”.

Murad İsmayılov- sakin: “Çox çətinliklərimiz var idi. İndi şükürlər olsun, yeni dayaqlar basdırılıb, transformatorlar qoyulub”.

Şəmkirdə elektrik təsərrüfatının yenilənməsi istiqamətində işlər tək Əliyaqublu kəndini əhatə etmir. Rayonun Düyərli, Muxtariyyə, Dəllərcəyir və Könüllü kəndlərində, eləcə də Dəllər qəsəbəsində yeni salınan yaşayış massivlərindəki transformatorlar, dayaqlar və kabellər yenilənib. Görülən işlər abonentləri fasiləsiz olaraq elektrik enerjisi ilə təchiz etməyə imkan yaradıb.

 

Natiq Hüseyn