• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1668
— 28.07.2022 20:10

Təbiət gözəlliyinə tamaşa etmək istəyənlərin sayı artıb

KepezTV Player

Düz 97 il əvvəl Azərbaycan ərazisində ilk Dövlət Təbiət Qoruğu olan Göygöl qoruğu yaradılıb. Göygöl və onun ətrafında yayılmış meşələr öz zənginliyi və füsunkarlığı ilə dünyada məşhurdur. Bu səfalı yerin təbiətinin gözəlliyi daima insanları özünə cəlb edib və məhz elə bunun üçün də bura üz tutanların sayı ilbəil artır. Hazırda yay mövsümü ilə əlaqədar Göygölə gələnlərin sayı gün ərzində 1000 nəfərə yaxındır ki, bu da ötən illə müqayisədə 20 faiz çoxdur.

Füsünkar təbiəti, əsrarəngiz gözəlliyi ilə seçilən Göygöl Milli Parkına giriş bu məntəqədən başlayır. Parka gəlmək istəyən qonaqlar eləcə də turistlər məntəqədə qeydiyyatdan keçdikdən sonra ödəniş edib patka daxil ola bilirlər.

Rauf Quliyev  sakin: Bir dəfə olmuşuq. İkinci dəfə yenə gəlmişik. Xoşumuza gəlib yenə gəlmişik.

Kəpəz dağının ətəyində yerləşən Göygöl Milli Parkına insanların rahat gəlməsi üçün hər cür şrait yaradılıb. Girişdə 3 terminal quraşdırılıb ki, bu da eyni anda 3 maşının parka daxil olmasına imkan yaradır. Bu səfalı məkana gələn qonaqların  avtomobillərini rahat saxlaması üçün ərazidə xüsusi yerlər də ayrılıb. Dayanacaqdan gölə kimi təxminən 700 metr məsafədir. Bu yolu piyada da qət etmək olar, elektromobillə də.

Xatirə Hüseynzadə  sakin: Bu dəfə gəlişimiz daha gözəl keçdi. Hər tərəf təmizdi, insanlar gözəl saxlayır, işçilər qayğıkeşdi.

Türkan Cəfərova sakin: Azərbaycanın hər yeri gözəldi, Göygöl də bir başqa gözəldir. Hər şey yaxşıdır, gözıldir. Ailəmizlə gəlmişik, qonaqlarımızı gəzdiririk.

Rəfiqə İsgəndərova  sakin: Bu il çox gözəl yeniliklər olubdur. Xoşuma gəldi çox əladır. Gəzmək üçün yaxşıdır.

Göygöl Milli Parkına gələn qonaqlar üçün ən maraqlı yer gölün kənarında gəzintidir. Hər kəs təbiətin bizə bəxş etdiyi bu gözəlliyi maraqla seyr edir. Dörd bir yanı meşə, yamyaşıl ot olan Göygölə baxdıqca doymaq olmur. Xüsusi ilə canlı musiqinin sədaları altında bu gözəlliyə tamaşa tamam başqa bir maraq yaradır.

Elşən Heydərli  həvəskar musiqiçi: Bir neçə il bundan öncə gəlmişəm. Çox bəyənirəm. Çox gözəl təbiəti var. Ona görə də yenə gəlmişik. İfa edirik, bəyənməkləri mənim üçün böyük qürurdur. Hər kəs də dəyər verir.

Seyran Məmişov sakin: Çox gözəldi, əladı birinci dəfədir gəlirik. Bakıdan gəlmişik. Çox xoşumuza gəlir.

Gölün kənarındakı xüsusi hissədən insanlar təbiət gözəlliyini rahat izləyə bilirlər. Məhz elə bunun üçün də Göygölün kənarına gələnlər mütləq burada dayanırlar.

Göygölün gözəlliyi bu məntəqədən daha yaxşı görünür. Çünki burada dayanan qonaqlar, turistlər göygölün gözəlliyini daha yaxşı seyr edə bilirlər. Məhz elə bunun üçün də Göygölə gələnlər burada dayanıb şəkil çəkdirib, gözəlliyi seyr edirlər.

2008-ci ildə Milli Park statusu verilən Göygöl Milli Parkının ərazisi 12 min 755 ha-dır. Park statusu veriləndən sonra burada turizimlə fəaliyyət göstərmək imkanları da  yaradılıb. Qonaqlara 10 istiqamət üzrə ekoturizim marşurutu təklif edilir.

Fuad Quliyev Göygöl Milli Parkının direktor müavini: Burada Kəpəz dağı, Şanlı göl, Qara göl, Güzgü göl, ekoturizim marşurutları var. Bu ekoturizim marşurutlarının hər birinin öz proqramları var. Göygöl və Maral gölə gəlişdən fərqli olaraq digər marşurutlara turislərin buraxılışını bələdçilərin müşayəti altında keçiririk. Həmin ərazilərdə bələdçilərin olması mütləqdir. Çünki gələn turist hansı tərəfə gedəcəyini bilmir. Bu ərazilərin daha gözəl qalması üçün buna ehtiyac var. Ekoturizim boyunca bələdçilərin müşayətini məcburi hesab edirik.

Bundan başqa iyun ayının əvvəlindən Göygöldən Marala gölə getmək üçün icazə də verilib. Rahatlığı təmin etmək üçün qonaqlar üçün xüsusi avtobuslar da ayrılıb.

Fuad Quliyev Göygöl Milli Parkının direktor müavini: Təbitə ərazilərinin korlanmaması, maşınlardan az istifadə nəzərə alınaraq kollektiv nəqliyyatın tətbiqi nəzərdə tutulub. Göygöldən Maral gölə bizim marşurutlar fəaliyyətdədir. Gələn turistlər ödənişlərini edib Göygöldən Maral gölədə gedirlər. Hazırda Göygöl milli prakına yay mövsümü ilə əlaqədar əsasən ərəblərin, türklərin, rusların gəldiyi müşahidə olunur.

Göygöl Milli Parkında 423-dən çox bitki növü var ki, bunlardan 76-ı ağaclar və kollardır. Burada həmçinin nadir qorunan bitkilər və qırımızı kitaba düşən vəhşi heyvanlar da var. Yayda ay ərzində bu gözəlliyi görmək üçün təxminən 30 minə yaxın xarici və yerli turist Göygöllə təşrif buyurur. İldə isə bu rəqəm 250 mini ötür.

Elnur Vahidoğlu