
Gəncə şəhəri, Ələkbər bəy Rəfibəyli küçəsində Xasməmmədov Əziz Mənsur oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərərək yolun sol tərəfində səki ilə hərəkət edən piyadalar - Səfərova Qəribə Məcid qızı, Məmmədova İlahə Haqverdi qızı və Məmmədova Pakizə Mobil qızını vurub.Hadisə nəticəsində İlahə Məmmədova və Pakizə Məmmədova xəsarətlər alıb, digər piyada Qəribə Səfərova isə aldığı xəsarətlərdən ölüb.
Bakı-Qazax yolunun Ağdaş rayonu ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol qəzası baş verib. Zabit Rəsulov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyadalar- 49 yaşlı Sədaqət Ramazanova və 47 yaşlı Elnarə Sultanovanı vurub. Xəsarət alan şəxslər hadisə yerində ölüblər.
Tovuzun Bozalqanlı kəndində “Opel” markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Rayon sakini 85 yaşlı Qiyas Musayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qəbələdə isə Elvin Qasımovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı beton dirəyə çırpılıb.Nəticədə avtomobildə olan sərnişin Hüseynov Cahid Mikayıl oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücünün özü və avtomobildə olan digər sərnişin Mahmudov Laçın İmam oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Salyanın Yolüstü kəndində isə rayonun Qarabağlı kənd sakini, 38 yaşlı Emil Əzizov idarə etdiyi “Mercedes” markalı minik avtomobili avtoyuma məntəqəsinə çırpıb. Nəticədə avtomobil yanıb, məntəqənin dam örtüyü və divardan keçən elektrik kabeli isə alovlanıb. Sürücünün yanmış meyiti avtomobildən çıxarılıb. Yanğın söndürülüb. Hadisə ilə bağlı təhqiqat aparılır.
- Baxış: 56