• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 01.04.2023 20:28

Həyət evləri daha etibarlıdır?

KepezTV Player

Qardaş ölkədə “əsrin fəlakəti” olaraq adlandırılan dəhşətli zəlzələnin ölkəmizdəki əmlak bazarına təsiri haqqında cəmiyyətdə müxtəlif fikirlər səsləndirilir. İnsanların çoxu həyət evlərinin tam təhlükəsiz, bina evlərinin isə daha təhlükəli olduğu düşüncəsinə qapılıblar. Bunun üçün də son günlər “həyət evlərinə tələbat artıb”, “bina evləri ucuzlaşıb” kimi fikirlərə tez-tez rast gəlirik. Bəs səsləndirilən fikirlərin reallıq payı nə qədərdir?

Qonşu ölkələrdə baş verən hadisələr Azərbaycanda iqtisadi sektorlara, xüsusən də daşınmaz əmlak bazarına təsir göstərib, yeni gözləntilər meydana gətirib. Türkiyədə baş verən zəlzələdən sonra əmlak bazarında yeni tikilmiş binaların satışında durğunluq var. Bunun da səbəbi vətəndaşların belə binalara etibarsız yanaşmasıdır.

Xalidə Mirkazımova- şəhər sakini: “Məqsədim, ev almaqdır. Məlum məsələlərdən sonra, hündürmərtəbəli binalara bir az inamımız itib. Ona görə, əsasən məhlə evi ilə maraqlanıram. Amma 3-5 mərtəbə binlardan da olsa, pis olmaz. Amma, əsasən həyət evi istəyirik, zəlzələdən gözümüz qorxub. Düzdür, binalarda rahatçılıq çoxdur, əsasən də qış aylarında - hər şey evdə, rahat. Ancaq, adamın canında bir qorxu var. Ona görə həyət evi olsa, lap yaxşı olar”.

Rieltor Qalib Quliyev deyir ki, əvvəllər vətəndaşlar binaların zəlzələyə dayanıqlı olub-olmamasına fikir vermirdilər. Hazırda isə buna çox diqqət yetirirlər. Bununla da hündürmərtəbəli binalarda olan evlərə təlabat azalır. Qalib Quliyev- rieltor: “Respublika ərazisində demək olar ki, yüksəkmərtəbəli binalara tələbat nisbətən azalıb. Bu da ona əsaslanır ki, keyfiyyətin inamsızlığı, alıcılar arasında yüksəkmərtəbəli bainalara qarşı tələbatın azalmasına dəlalət elədi. Müraciət edənlərin əksəriyyəti köhnə binalara və həyət evlərinə müraciət edirlər. 5 mərtəbəli binalara müraciət edirlər. 10-12 mərtəbəli binalara demək olar ki, sorğu dayanıbdır”.

Hazırda əmlak bazarında ümumən durğunluq müşahidə olunur. İstər bina, istərsə də həyət evlərinə müraciətlər azalıb. Qiymətlərə gəlincə isə şəhərətrafı ərazilərdə enmələr müşahidə olunsa da, mərkəzdəki qiymətlər stabil qalıb.

Qalib Quliyev- rieltor: “Əhali Ukraina, Rusiya ərazisindən gələndən sonra qalxan qiymətlərdir. Yəni, bu gün qiymətdə enmə yoxdur və əhalidə alıcılıq qabiliyyəti də yoxdur, gəlirlər, maraqlanırlar, gedirlər. 3 otaq 55, 58, 60, 70 min manat, “Leninqrad” proyektlərinin qiyməti qalxıb - 4-5 otaqlı evlər 75-80 mindir. Şəhərətrafı ərazilərdə binalarda və şəhər ətrafında enmə müşahidə olunur. Hardasa, 2, 3, 5 minə kimi enmə var”.

Azərbaycanda fərdi evlərə marağın artması müvəqqəti amildir və təsiri qısamüddətli olacaq. Həm bina, həm də həyət evlərinin qiymətlərinə gəlincə isə, enmə may ayı üçün gözlənilir.

Aişə Rzayeva