Qarabağ gözəl təbiəti, yaradıcı insanları ilə yanaşı həm də tarixi abidələri ilə məşhur olub. Təssüf ki, işğal dövründə ermənilər heç nəyə baxmadan, fərq qoymadan tarixi, mədəni, dini irsimizə, milli-mənəvi dəyərlərimizə zərər vurublar. O cümlədən Agdamda müxtəlif qədim tarixi dövrləri əks etdirən nadir nümunələr erməni barbarlığına məruz qalıb. Memarlıq abidələri, tarixi yaşayış məskənləri və bu qəbildən olan digər komplekslər erməni terrorunun qurbanı olub.
Qarabağı işğal edən zaman ermənilər azərbaycanlılara məxsus çoxsaylı abidələri və mədəni dəyər olan tikililəri yerlə yeksan ediblər. Ən çox dağıntıya məruz qalan yerlərdən biri də Ağdamda, İmarət adlanan yerdə Qarabağ xanları ailəsinə məxsus saray və məzarlar olan məqbərə-kompleksi olub. Pənahəli xan tərəfindən əsası qoyulan saray, məzarlıq kompleksindəki türbələr özünün memarlığı ilə seçilib və görənlərin dediyi kimi xüsusən yay aylarında yaşıllıqların arasında gizlənərək əraziyə nağılvari gözəllik bəxş edib. Bu mənada İmarət ağdamlıların, eləcə də qonaqların sevimli məkanlarından biri olub.
Xurşidbanu Natəvanın qəbirüstü abidəsini dağıdan goreşən xislətli ermənilər məzarının yanında çala da qazıb, hansısa qiymətli əşya tapmaq və ya sadəcə təhqir məqsədilə sümükləri çıxarmaq istəyiblər. Qəbiristanlıqda yalnız xan qızı ilə Pənahəli xanın yox, xan nəslinin digər nümayəndələrinin qəbirüstü türbələri dağıdılıb, təhqir olunub.
İmarət “Pənahəli xan sarayı” və ya “Pənah xanın imarəti” adları ilə də tanınıb. Qarabağ xanı Pənahəli xanın qış mülkü kimi tikilib. Bura xan nəslinin ən birinci mülklərindən sayılır və iki binadan ibarətdir. Bu abidə Bu kompleks Pənahəli xanın 1738-ci ildə Xorasandan qayıdıb, Qarabağda xanlıq quruculuğuna başladığı ilk illərdə inşa edilib. Saray xanlığın qurucusu Pənahəli xanın özü tərəfindən, xanlığı yaradana qədər tikdirdiyi binadır.
İstər saray, istərsə də məzarlıq kompleksindəki əməllər erməni vandalizminin növbəti sübutu və nümunəsidir. Özlərinə yoxdan tarix, mədəniyyət yaratmaq üçün dini etiqaddan tutmuş mədəniyyət nümunələrinə, tarixi abidələrdən, coğrafi adlardan tarixi şəxsiyyətlərə qədər bir çox məsələdə erməni saxtakarlıqları zaman-zaman ifşa olunub. Heç nəyi olmayanların köklü tarixi keçmişə malik olanlara qısqanclıqla yanaşması ermənilərə məxsus xəstə təxəyyülün nəticəsi, göstəricisidir.
- Baxış: 658