• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 27.10.2021 20:04

Qarabağın ürəyi, nuru - AĞDAM

KepezTV Player

İşğaldan azad olunan, 30 ilə yaxın müddətdə əsarətdə qalmış torpaqlarımızda ermənilər demək olar hər şeyi məhv ediblər. Xüsusi qəddarlıq, insanlığa yaraşmayan əməllər törədərək maddi-mənəvi sərvətlərimizi məqsədyönlü şəkildə dağıdıblar, talan ediblər. Şəhərlər, kəndlər yerlə-yeksan olunub, bəşəriyyəti mat qoyan vandalizm aktı həyata keçirilib.

Bir vaxtlar qaynar həyatın olduğu, əməksevər insanların qurub-yaratdıqları abad şəhərdən əsər-əlamət qalmayıb. Erməni işğalçılar xislətlərinə uyğun olaraq, Ağdamın ağ damlarını xarabalığa çeviriblər, şəhəri darmadağın ediblər. Sankir burden vəhşi qəbilə keçib.

Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdam rayonu 1930-cu ildə yaradılıb. Ağdam hələ Sovetlər dönəmində yalnız kənd təsərrüfatı ilə deyil, həm də bəzi sənaye məhsulları ilə ad çıxarıb. Həmçinin, tarixi-memarlıq abidələri, tikililəri ilə daim diqqət çəkib, SSRİ miqyasında tanınıb. Təəssüf ki, işğal dövründə erməni vandalizmi rayonda fəaliyyət göstərən sahələrdən yan keçməyib. Ermənilər Ağdamı barbarcasına dağıdaraq, hər şeyi məhv ediblər. İşğaldan əvvəl rayonda tibb müəssisələri, mədəniyyət ocaqları, zavodlar, fabriklər, istirahət mərkəzləri olub, Qarabağın ən böyük musiqi məktəbləri Ağdamda yerləşib. Hələ ötən əsrin 80-ci illərinin sonlarında Qarabağ hadisələri başlayandan Ağdam cərəyan edən hadisələrin mərkəzi olub. Müharibənin ilk günlərindən ən böyük ağırlıqlar Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb.

Artıq işğaldan azad edilən ərazilərdə, o cümlədən Ağdamda inkişaf, quruculuq dövrü başlayıb, rayona həyat qayıdır. Yaşayış məntəqələrinin tez bir zamanda əsaslı bərpası, inkişafı nəzərdə tutulub. Bundan sonra Ağdam dirçəliş dövrünü yaşayan rayon kimi yeni sənayeləşmə ilə önə çıxacaq. Bu istiqamətdə irimiqyaslı infrastruktur layihələrin reallaşması, böyük qayıdış sadəcə, zaman məsələsidir.

Ağdamın müasir standartlara, tələblərə uyğun inkişaf planı artıq tam işlənib hazırlanıb. Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı layihələr çərçivəsində yeni Ağdamın ərazisi iki dəfə böyüyəcək, əhalinin sayı 100 min nəfərədək artırılacaq. Baş plana görə, şəhərdə fərdi evlərin və çoxmərtəbəli yaşayış binalarının inşa olunacağı nəzərdə tutulub. Yenilənən Ağdam Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən biri, bütün Qarabağın təhsil mərkəzi olacaq. Ağıllı şəhər konsepsiyasının tələb etdiyi kimi, şəhərin bütün elementləri vahid sistemin tərkibi olmalıdır. Prezidentin də vurğuladığı kimi, Ağdamda elə bir şəhər qurulacaq ki, bütün dünyaya örnək olacaq.

Bu gün işğaldan azad olunmuş ərazilərdə Böyük Qayıdış üçün bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Şübhəsiz, yaxın gələcəkdə Qarabağın, Ağdamın, ümumilikdə işğaldan azad olunan bütün ərazilərimizin dirçəlməsinin, inkişafının şahidi olacağıq.