Kəlağayının Azərbaycanda istehsali ta qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxi, Şəki, Naxçivanda, İsmayıllının Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb vaxtilə. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə odlar yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Nə yaşından xəbərimiz var, nə də rənglərinin sehrindən, cazibəsindən. 100 illərdir bizimlə yol gəlir. Ən xoş, şən günümüzdə qiymətli sərvət kimi üstümüzdə gəzdiririk. Kəlağayı hər qadın üçün xüsusi hazırlanan, tayı-bərabəri olmayan valehedici baş örpəyidir. Ölkəmizdə onun vətəni Basqal sayılır. Kəlağayıya hörmət qadına olan ehtiram qədər daim zirvədədir və evin ən əziz yerində qorunub saxlanılır. Onu hətta ölkəmizin hüdudlarindan kənarda yaşayan azərbaycanlıların evlərində də görmək mümkündür.
Xanımlar onu da bilməlidirlər ki, kəlağayını əsasən kişilər hazırlayır. Hər baş örtüyündə rənglərin, naxışların dili ilə kişilərin qadınlara münasibəti, hissləri, duyğuları əks olunur.
Mənbələrin məlumatina görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Yerli və xarici turistlər bu nadir sənət nümunəsini suvenir kimi öz kolleksiyalarına daxil edirlər.
Müsahibimiz deyir ki, indi də kəlağayılara maraq çoxdur. Buna həyata keçirilən mədəniyyət siyasəti nəticəsində nail olunub. Dövlətin, eləcə də Heydər Əliyev Fondunun Azərbaycan mədəni irsinin mühafizəsinə yönələn səyləri kəlağayını sözün əsl mənasında yox olmaqdan qorudu. Nəticədə min illiklər boyu tarixin sınaqlarından alnıaçıq çıxan xalqımız daha bir uğura imza atdı. 2014-cü il noyabrın 26-da Azərbaycan Kəlağayı sənəti Kəlağayı simvolizmi və ənənvi sənəti adı ilə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahisina daxil edildi.
- Baxış: 554